Azərbaycanda üç tibbi qurum fəaliyyət göstərir. Səhiyyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi. Bəzən bu üç qurumun fəaliyyəti ilə bağlı ictimaiyyətdə çaşqınlıq yaranır. Bəs bu qurumlar arasında olan əlaqə və fərqlər nədən ibarətdir?  
 

Mövzu ilə bağlı İqtisadiyyat.az-ın suallarını cavablandıran həkim-radioloq Aydın Əliyev bunları dilə gətirib: “Üç tirəli, ən yaxşı halda iki tirəli bir vəziyyət yaranıb. İndi TƏBİB İcbari Tibbi Sığortaya tabedir. Əslində bu tabeli qurum olmamalıdır. TƏBİB-in sədrini İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri təyin edir. Belə olmamalıdır. İcbai Tibbi Sığorta vəsaiti dövlətdən, əhalidən və müəssisələrdən toplayan bir qurumdur. TƏBİB o vəsaiti xərcləyən qurumdur. Tabeçilik olanda burada şəffaflıq mümkün deyil”. 

 

 
Millət vəkili Müşfiq Məmmədlinin sözlərinə görə, koordinasiyalı fəaliyyət çox önəmlidir: “Səhiyyə Nazirliyinin müvafiq müəssisələri də İcbari Tibbi Sığorta fondundan vəsait almaq hüququna malikdir. Biz müəyyən qədər bəzi funksiyaların bir-birinə qarışdığının şahidi oluruq. Mənim şəxsi fikrim ondan ibarətdir ki, bunu korreksiya etmək üçün Səhiyyə Nazirliyinin aparıcı olması şərtilə müəyyən tibbi koordinasiyanın həyata keçirilməsi çox önəmlidir”. 
 
Millət vəkili hesab edir ki, koordinasiyalılıq vətəndaşın bir neçə müəssisəni gəzərək, əziyyət çəkməsinin qarşısını ala bilər: “Məsələn, vahid çağrı mərkəzinin, vahid koordinasiya mərkəzinin yaradılması çox önəmlidir. Mən deyərdim ki, nəinki Səhiyyə Nazirliyin, TƏBİB-in qurumları, hətta özəl sektor da bu koordinasiya mərkəzi tərəfindən koordinasiya oluna bilər”. 
 

 

TƏBİB-in sözçüsü Zamirə Ədilovanın sözlərinə görə, onlar Bakıda və regionlarda olan yalnız dövlət xəstəxanalarına nəzarət edir. Digər məsələlərdə isə TƏBİB-in funksiyası məsləhət verməkdən ibarətdir: “Qərar və qaydaları tətbiq edən, hətta tibbi protokolları Ümumdünya Səhiyyə Təşkilatının qərarlarına və tövsiyyələrinə əsasən tətbiq edən qurum TƏBİB deyil. Yəni bu istiqamətdə bir anlaşılmazlıq ola bilər. Eyni zamanda İcbari Tibbi Sığorta. Bəli, bu gün TƏBİB-in bütün dövlət tibbi müəssisələri İcbari Tibbi Sığorta çərçivəsində fəaliyyət göstərir”.  

 


 
Bəs Səhiyyə nazirliyi tibbi məsələlərlə bağlı hansı öhdəliklərə sahibdir? Bu mövzuda İqtisadiyyat.az-ın suallarını cavablandıran nazirliyin “Hüquq və qanunvericilik” şöbəsinin müdiri Elçin Qədirovun sözlərinə görə, əhalinin sağlamlığının qorunması ilə bağlı bütün məsələlərdə Səhiyyə Nazirliyinə müraciət edilə bilər: “Səhiyyə nazirliyi əhalinin sağlamlığının qorunmasında dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Bundan başqa respublikada tibb təhsilinə nəzarəti Səhiyyə nazirliyi həyata keçirir. Tibb sahəsində elmi işlərin aparılması və tibbi kadrların təkmilləşdirilməsi prosesini də bizim qurum həyata keçirir. Ona görə də əhalinin sağlamlığının qorunması ilə bağlı istənilən mövzuda vətəndaşlar Səhiyyə nazirliyinə müraciət edə bilərlər”. 

 


 

Həkim Aydın Əliyev isə burada ortaya çıxan ziddiyyəti vurğulayıb: “Səhiyyə nazirliyi necə səhiyyə siyasətini həyata keçirə bilər ki, İcbari Tibbi Sığorta və TƏBİB onun tabeliyində deyil? Bir sahəyə, bir sektora üç nəzarət qurumunun olması yanlışdır. Biz pandemiyada bunun fəsadlarını yaşadıq. Məsələn, təcili tibbi yardımı gah Səhiyyə nazirliyinin, gah da TƏBİB-in tabeliyinə verdilər. Poliklinikaları birindən aldılar digərinə verdilər”. 

Deputat Müşfiq Məmmədli burada ortaya çıxan idarəetmə fərqlərinə diqqət çəkib: “TƏBİB-in yaradılmasında məqsəd sırf ondan ibarət olub ki, TƏBİB-dəki səhiyyə müəssisələrinin idarə olunması, onların daha keyfiyyətli iş fəaliyyətinin tənzimlənməsi baxımından konkret addımlar atılsın. Amma biz bəzən hələ də iqtisadi idarəetmənin səhiyyə idarəetməsi ilə qarışmasının şahidi oluruq. Yəni İcbari Tibbi Sığorta Agentliyinin fəaliyyəti tibb xidməti göstərməkdən ibarət deyil”. 

 

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi - qısa adı ilə desək TƏBİB 2018-ci ildə yaradılıb. Qurumun nəzarətində Nazirlər Kabinetinin müəyyən etdiyi sayda tibb müəssisələri var. TƏBİB-in sözçüsü Zamirə Ədilovanın sözlərinə görə, onlar özəl tibb müəssisələrinin fəaliyyətinə hər hansı bir nəzarəti həyata keçirmək səlahiyyətinə sahib deyillər: "Dövlət tibb müəssisələrində baş verən kəmiyyət və keyfiyyət dəyişiklikləri, eyni zamanda problem və neqativ hallara cavabdehlik daşıyan qurum TƏBİB-dir. Amma ölkənin digər səhiyyə sahəsində baş verən hadisələrdə biz iştirakçı qismində təmsil olunuruq. Tövsiyə xarakterli, yaxud ekspert qismində hansısa rəyin verilməsində çıxış edə bilərik. Amma qayda, qərar və protokolların təmin edilməsini digər səhiyyə qurumları həyata keçirir”.  

İcbari Tibbi Sığorta sisteminin fəaliyyətinə gəldikdə isə bu sistem ölkə üzrə 2020-ci ildən tətbiq olunmağa başlanıb. Lakin əhalinin tibbi yardım almaq hüququnu təmin edən bu sosial layihənin həyata keçirilməsi ürəkaçan səviyyədə deyil. Həkim Aydın Əliyev belə düşünür: “Həm tibb işçiləri narazıdır, həm də əhali. Konkret olaraq desək, misalçün həkimlərin bonusları aylarla kəsilir, verilmir. Məsələn, həkim hər hansısa bir xidməti göstərib. Amma kodlaşdırmada kiçik bir səhv olub. Artıq o müayinənin gəlirindən həkimi məhrum edirlər. Bundan başqa, keçən il İcbari Tibbi Sığorta dövlət büdcəsinə 200 milyon manat vəsait qaytarıb. Bu gülməli və absurd bir məsələdir. Tibbin bu qədər problemləri var, nə qədər xəstələr şikayət edirlər ki, onların xəstəliyi icbari tibbi sığorta zərfinə daxil deyil. Bu qədər avadanlıq çatışmazlığı var. Bütün bunların fonunda sənə ayrılan büdcədən sən təzədən dövlət büdcəsinə milyonlarla vəsait qaytarırsan”.  

Azərbaycanda son illərdə səhiyyə sistemində müşahidə olunan müsbət dəyişikliklər göz önündədir. Çatışmazlıq da var. Bunu heç kim danmır. Məqsəd isə neqativ halları aradan qaldırmaq istiqamətində birgə çalışmaq və ekspertlərin də qeyd etdiyi kimi koordinasiyalı fəaliyyət göstərmək olmalıdır ki, vətəndaşlar üç qurum arasında get-gələ düşməsin.