Danimarkalı ultramillətçi qrup Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında Qurani-Kərimi yandırıb.

İqtisadiyyat.az xəbər verir ki, irqçi aksiyanı İslam əleyhdarı və ifrat millətçi “Danske Patrioter (Danimarka Patriotları)” qrupunun üzvləri həyata keçirib.

Digər tərəfdən, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, Danimarka xarici işlər naziri Lars Lokke Rasmussen Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Ferhana telefonla zəng edib.

Bin Ferhan Rasmussenə çatdırıb ki, ölkəsi Danimarkada Qurani-Kərimi təhqir edən bütün hərəkətləri rədd edir. Ekstremistlərin “ifadə azadlığından” nifrət yaratmaq üçün istifadə etdiklərini qeyd edən Ferhan Danimarkadan Qurana hücumların dayandırılması üçün təcili tədbirlər görməsini tələb edib. Rasmussen həmçinin ölkəsinin Quranı yandırma hərəkətlərini pislədiyini və bu təxribat xarakterli hərəkətlərinə görə təəssüfləndiyini bildirib.