Türkiyədə bu il avqustun orta temperaturu 27,1 dərəcə ilə 2010-cu ildən sonra son 53 ilin ikinci ən isti avqustu olaraq qeydə alınıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyi Meteorologiya Müdirliyinin məlumatında bildirilib. 

Məlumata görə, keçən ay orta temperatur Bandırma, Mersin, Cənubi Ege, Dalaman, Fethiye, Antalya, Anamur, Hatay, Finike, Kaş, Köyceğiz, Korkuteli, Elmalı, Manavgat, Qazipaşa rayonlarda, Zonguldak, İnebolu, Cide, Boyabat, Tunceli, Hakkari, Ahlat və Birecikdə mövsüm normasında, ölkənin digər yerlərində isə mövsüm normasından yüksək olub.

Beləliklə, bu ilin avqust ayının temperaturu 2010-cu ildəki avqust statistikasından sonra 1971-2023-cü illəri əhatə edən son 53 ildə ikinci ən isti avqust kimi qeydə alınıb.

Bu ilin avqust ayında ən aşağı temperatur 4,9 dərəcə ilə Kanqal və Ərdahanda, ən yüksək temperatur isə 49,5 dərəcə ilə Əskişəhər Sarıcakayada qeydə alınıb.