"Bu təcavüzkar hərəkət bir daha göstərdi ki, PKK fəaliyyət göstərdiyi hər bir ölkənin ictimai asayişinə və təhlükəsizliyinə təhdid yaradır. PKK terroruna son verməyə, təşkilatın Avropada təbliğat, maliyyələşdirmə və işə götürmə fəaliyyətlərinə son qoymağa çağırırıq".

İqtisadiyyat.az xəbər verir ki, bunu Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) binasına zorla daxil olan PKK-lılarla bağlı açıqlamasında Türkiyə Xarici İşlər Nazzirliyi qeyd edib.

Açıqlamada aşağıdakı ifadələrə yer verilib:

“PKK-ya bağlı birləşmələr xüsusilə Avropada zorakılıq tətbiq etməyə və müxtəlif beynəlxalq təşkilatların binalarına zorla girərək terror təbliğatı aparmağa getdikcə daha çox cəsarət edir. PKK-nın xüsusilə Avropa ölkələrində ifadə və nümayiş azadlığı adı altında öz fəaliyyətini, o cümlədən təbliğatını sərbəst şəkildə həyata keçirməsinə icazə verilməsi təşkilatı bu cür qanunsuz və aqressiv hərəkətlərə sövq edir. Əslində, Avropa Şurası binası qarşısında PKK terror təşkilatı üzvlərinin nümayişləri və hərəkətləri ilə bağlı dəfələrlə xəbərdarlıq etmişik. Bu təcavüzkar hərəkət bir daha göstərdi ki, PKK fəaliyyət göstərdiyi hər bir ölkənin ictimai asayişinə və təhlükəsizliyinə təhdid yaradır. Bu kontekstdə PKK terror təşkilatının Avropadakı təbliğatına, maliyyələşdirilməsinə və işə cəlb edilməsinə son qoymaq çağırışımızı təkrar edirik”.