Türkiyə Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus pilotsuz uçuş aparatı Əl-Həsəkə əyalətində Suriya Demokratik Qüvvələrinin (SDQ) yaraqlılarının olduğu avtomobilə zərbə endirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Suriya dövlət media orqanları məlumat yayıb.

Məlumata görə, hadisə Amuda və Qamışlı rayonlarını birləşdirən yolda baş verib. Hücum nəticəsində 3 yaraqlı öldürülüb.

Qeyd edək ki, Türkiyə 2017-ci ildən bəri Suriyanın şimalında “Fırat Kalkanı”, “Zeytin Dalı” və “Barış Pınarı” adlı üç hərbi əməliyyat keçirib. Nəticədə Türkiyə sərhədi boyunca 30 kilometrlik bufer zonası, eləcə də Hələbin şimalında Azaz və Cerabulus qəsəbələri arasında təhlükəsizlik zonası yaradılıb. Türkiyə tərəfi Afrində təhlükəsiz zona yaradıb və Fəratın şərqindəki sərhəd bölgələri terrorçulardan təmizlənib.