Türk Dövlətləri Təşkilatının baş katibi Ermənistanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı törətdiyi təxribatlardan ciddi narahatlığını ifadə edir, Azərbaycanın Qarabağ iqtisadi rayonunda dinc əhali və Azərbaycan əsgərlərinin ölümünə səbəb olan son terror aktlarını pisləyir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TDT-nın yaydığı bəyanatda deyilir.

Qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin qalıqlarının Azərbaycan ərazisində qanunsuz mövcudluğu, minaların yerləşdirilməsi, təbii sərvətlərin istifadəsi, silah-sursatın, hərbi texnikanın qaçaqmalçılığı və şəxsi heyətin qeyri-qanuni rotasiyasının həyata keçirilməsi Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə ciddi zərbə vurur.

“Bu kontekstdə Baş katib Azərbaycanın 19-20 sentyabr 2023-cü il tarixlərində həyata keçirdiyi antiterror tədbirlərinin Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin Azərbaycan Respublikasının konstitusiya quruluşuna reinteqrasiyasını təmin edəcəyinə qəti əminliyini ifadə edir. Baş katib terrorla mübarizə tədbirlərinə təkan verən təxribat nəticəsində şəhid olan hərbçilərin ailələrinə, qardaş Azərbaycan xalqına və hökumətinə dərin hüznlə başsağlığı verir”, - bəyanatda deyilir.