Milyonlarla dollar sərvəti olan keçmiş ABŞ prezidenti Trampa qarşı açılan məhkəmə iddialarının xərclərini ödəmək üçün onun tərəfdarları tərəfindən vəsait toplanılmasını hədəfləyən fond yaradılacaq.

İqtisadiyyat.az "New York Times"ə istinadən xəbər verir ki, fond “hüquqi müdafiə fondu” devizi altımda qurulacaq.

Belə ki, Tramp tərəfdarı olan “super PAC” (siyasi fəaliyyət komitəsi) qrupu “hüquqi müdafiə fondu” yaratmağı planlaşdırır. “Vətənpərvər Hüquqi Müdafiə Fondu” adlandırılması planlaşdırılan fondun təfərrüatları hələlik paylaşılmayıb.

Digər tərəfdən sözügedən fondla Trampın şəxsi məhkəmə xərclərini deyil, bu işlərdə iştirak etmiş keçmiş prezidentə yaxın müttəhimlərin və şahidlərin xərclərinin qarşılanması hədəflənir. Fond yüksək ehtimalla Trampın seçki kampaniyalarında mühüm rol oynamış Maykl Qlasner tərəfindən idarə olunacaq.

"ABC News"un məlumatına görə isə, Trampı dəstəkləyən "super PAC" 2023-cü ilin birinci yarısında keçmiş prezident və onun tərəfdarlarını dəstəkləmək üçün məhkəmə xərclərinə 40 milyon dollardan çox pul xərcləyib.