Almaniya Ukraynada münaqişənin daha da gərginləşməsinin qarşısını almaqda maraqlıdır və hesab edir ki, Kiyevə dəstək yalnız yardımın hərbi aspektlərinə yönəlməməlidir.

İqtisadiyyat.az xəbər verir ki, bunu Almaniyada hakim Sosial Demokrat Partiyasından olan Bundestaqın (Almaniya parlamenti) üzvü Ralf Şteqner "Deutschlandfunk" radiosuna bildirib.

O, Almaniyanın Ukraynaya silah tədarükçüsü kimi ABŞ-dən sonra ikinci yeri tutduğunu və buna görə də qınaqlara dözməməli olduğunu təkrarlayıb.

Şteqnerin fikrincə, Berlin Ukraynaya kömək etməkdə maraqlıdır: “Lakin biz də hər hansı eskalasiyanın qarşısını almaqda maraqlıyıq”.

“Biz hadisələrə təkcə hərbi baxımdan baxmamalıyıq. Siyasi, iqtisadi və humanitar səylərlə yanaşı, diplomatik səylər də öz rolunu oynamalıdır”, - o, əlavə edib.

Qeyd edək ki, Almaniyanın Ukraynaya hərbi, maliyyə və humanitar yardımının ümumi həcmi 2022-ci ilin fevralından bu yana təxminən 17 milyard avroya çatıb.