2022-ci ildə Azərbaycanda 59 siyasi partiya qeydiyyatda olub. Mart ayının əvvəlindən partiyalar özünü buraxmağa başlayıb. Fəaliyyətinə son verən partiyaların sayı 31-ə çatıb. Maraqlıdır ki, siyasi partiyaların özünü buraxmasının səbəbi nədir?

 

1661293094_372.jpg

 

Mövzu ilə bağlı Ağ Partiyanın sədri Tural Abbaslı İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, "Siyasi partiyalar haqqında" yeni qanun partiyaların şəffaf fəaliyyətinə təsir göstərir:

"Siyasi partiyaların əksəriyyətinin öz fəaliyyətini dayandırmasının səbəbi qanunvericiliyin tələblərinə uyğun olaraq 5 min nəfərin siyahısının tamamlanmamasıdır. Bəzi siyasi partiyalar isə öz bəyanatında qeyd edib ki, yeni siyasi vəziyyətə uyğun olaraq fəaliyyətlərini dayandırmağa qərar veriblər. Bütün hallarda reallıq budur ki, uzun illər siyasi partiyaların fəaliyyətinə imkan yaradılmayıb. Yəni partiyalar dissident kimi fəaliyyət göstəriblər. Partiyaların qərargahı, mediaya çıxışı, dövlət strukturları ilə ünsiyyəti yox idi. Təbii ki, bu amillər partiyaları zəiflətdi. Ona görə insanlar da siyasi partiyalara üzv olmaq istəmirdilər. Yeni qanundan sonra siyasi partiyaların fəaliyyəti nisbətən yaxşılaşıb və təzyiqlər azalıb. Bəzi partiyalar 30, 50 və ya 100 min üzvünün olduğunu açıqlayırdı. Yeni qanundan sonra məlum oldu ki, həmin partiyalar 5300-6000 üzv siyahısı veriblər və bu siyahıda yanlışlar var. "Siyasi partiyalar haqqında" yeni qanun siyasi partiyaların real gücünü ortaya çıxaracaq. 

Partiyaların özünü buraxmaması üçün leqal fəaliyyəti ilə bağlı qanunvericilikdə yenidən dəyişikliklər edilməlidir. Seçki Məcəlləsində dəyişiklik edərək proporsional seçki sisteminə keçid edilməlidir. Partiyaların büdcədən maliyyələşməsi real vəziyyətə uyğunlaşdırılmalıdır. Eyni zamanda partiyaların dövlət idarəçiliyində təmsilçiliyi təmin olunmalıdır. Nəzərə almaq lazımdır ki, partiyalar siyasi aktyorlardır. Partiyalar olmayan yerdə səhnə də olmaz. Artıq "Azərbaycanda siyasi partiya yoxdur", "Ölkədə müxalifət yoxdur" kimi fikirlər keçmişdə qalmalıdır. Çünki siyasi partiyalar və rəqabət mühiti olmasa, uduzan xalq olur".

 

1582538034_hafiz-haciyev.jpg

 

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə görə, siyasi fəaliyyəti olmayan partiyaların bağlanması məqsədəuyğundur:

"Əksər siyasi partiyaların fəaliyyətinin dayanmasının başlıca səbəbi partiyanın ancaq özlərindən və  cəmi 1 "papka"dan ibarət olmasıdır. Cəmiyyətdə heç bir nüfuzu olmayan və tanınmayan partiyalar könüllü şəkildə bağlanıblar. Bu fonda "Siyasi partiyalar haqqında" yeni qanunun tələbləri çox düzgündür. Qanuna görə, siyasi partiyaların qeydiyyata alınması üçün tələb edilən minimum üzvlərin sayı 5 minə qaldırılıb. Hesab edirəm ki, yeni qanun siyasi partiyaların düzgün fəaliyyətinə effektiv təsir edəcək".

 

Arzuxan_Alizade_01.jpg

 

 Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə isə hesab edir ki, yeni qanun ölkədə fərqli siyasi mühit formalaşdıracaq:

""Siyasi partiyalar haqqında" qanunun tələbləri qüvvəyə minəndən sonra bir sıra siyasi partiyalar müxtəlif səbəbləri əsas gətirərək fəaliyyətlərinə son qoyublar. Qanunun qüvvəyə mindiyi tarixdən ötən müddətdə 31 partiya öz təşəbbüsü ilə ləğv olunmaları barədə bəyanat verib. 27 siyasi partiya isə üzvlərinin adı, soyadı, atasının adı, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı və əlaqə telefon nömrəsini əks etdirən reyestrini Ədliyyə Nazirliyinə təqdim edib. Sənədlər  təqdim olunandan sonra 6 ay ərzində Ədliyyə Nazirliyi dəqiqləşdirmələr aparılması üçün addımlar atıb. Növbəti 1 ay ərzində isə siyasi partiyalar əlavə və çatışmazlıqlarını düzəldərək sənədlərini yenidən Ədliyyə Nazirliyinə təqdim etməlidirlər. Yaxın günlərdə siyasi partiyaların yenidən qeydiyyatdan keçirilməsi prosesi başlamalıdır. Qanunun tələblərinə cavab verən partiyalar növbəti 3 ay ərzində öz fəaliyyətlərini mövcud qanunvericiliyə müvafiq şəkildə uyğunlaşdırmalıdırlar. Ona görə də müvafiq strukturların yenidən formalaşdırılması zəruridir. Yeni qanun ölkənin ictimai-siyasi həyatına daha dərindən nüfuz etmək imkanları yaradacaq".

 

 

Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə öz növbəsində vurğulayıb ki, fəaliyyəti dayanan siyasi partiyalar yeni qanuna uyğunlaşmadı:

"Bu gün 30-a yaxın siyasi partiya tələb olunan şərtləri yerinə yetirə bilmədi. Fikrimcə, yeni qanun müasir siyasi çağırışlara cavab verir. Partiyaların fəaliyyəti qanunun təkminləşdirilməsinə xidmət edir. Qüvvəyə minən qanun daha dəqiq hesabatların təqdim olunmasına və siyasi partiyaların güclənməsinə təkan verəcək. Yeni qanunun şərtlərinə əməl edəcəyini bilməyən partiyalar könüllü şəkildə öz fəaliyyətlərini buraxdılar". 

Qeyd edək ki, özünü buraxan siyasi partiyalara Qorqud Partiyası, Azərbaycan Kommunist Partiyası, Azərbaycan Tərəqqi Partiyası, Vahid Azərbaycan Milli Birlik Partiyası, Aydınlar Partiyası, Müstəqil Xalq Partiyası (MXP), Azərbaycan Milli Demokrat Partiyası (AMDP), Yeni Yol Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Milli Vəhdət Partiyası (MVP), Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Birlik Partiyası, Azərbaycan Azad Respublikaçılar Partiyası, Milli Konqres Partiyası, Vətənpərvərlər Partiyası, Vətəndaş Birliyi Partiyası, Milli Demokrat-İdrak Partiyası və Milli Həmrəylik Partiyası daxildir. 

Gülşən Şərif