Milli Məclisin iyunun 13-də baş tutan iclasında müzakirə olunan məsələlərdən biri də aqrar sığorta haqqında qanun layihəsi oldu. Aqrar və sığorta ekspertlərinin çoxdan gözlədiyi qanun ikinci oxunuşda qəbul edilərək təsdiqlənməyə göndərildi. Əsasən də son həftələrin gündəmini zəbt edən taxıl sahələrində baş verən yanğınlar, sığortanın bu növününü vacibliyini diqqət mərkəzində saxladı. Ancaq ekspertlərin sözlərinə görə, sığorta şirkətləri fermer təsərrüfatlarının riskli olduğu üçün bu sığorta növünə maraq göstərmirlər. Sığorta eksperti Xəyal Məmmədxanlı İqtisadiyyat.Az-a mövzu ilə bağlı açıqlama verərkən, sığorta şirkətlərinin “təhlükəli müştəri”yə maraq göstərməmələrinin səbəblərini bildirib:

“Təbii ki, sığorta şirkətlərini maraqlandıran odur ki, onların sığortaladıqları risk normal olsun, sığortaçılar buna “yaxşı risk” deyirlər. “Əldə partlayacaq risk” olmasın. Sığortalamaq öncədən proqnozlaşdırılmayan hadisələrin qarşısını almaqdır. Ancaq şirkət görür ki, sığortalayacağı avtomobil və dgər obyektlər üçün təhlükə mütləq olacaqsa, mümkün qədər uzaq durmağa çalışır. Aqrar sığortada da vəziyyət belədir. Əgər fermer təsərrüfatlarında mal-qaraya vaxtı-vaxtında qulluq, bitkilərə vaxtında dərman vurmaq ənənəsi olsaydı, bu sığorta şirkətlərini maraqlandırardı. Çünki o zaman düşünərdilər ki, hər hansı təhlükə ehtimalı azdır.  Çox təəssüf edirəm ki, ölkədə fermer təsərrüfatlarında bu ənənəyə çox-çox az rast gəlinir. Azərbaycan fermer təsərrüfatlarında əsasən, mal-qaraya, bitkilərə vaxtında qulluq edilmir, köhnə texnikalarla işlər aparılır. İkinci məsələ isə sığorta ekspertizası sahəsində çox ciddi kadr çatışmazlığı var. Sığorta şirkətlərinin çoxunda baş verən hadisəni araşdıran kənd təsərrüfatı mütəxəssisləri yoxdur”.

Xəyal Məmmədxanlı qiymətlərin normal olacağı təqdirdə mexanizmin uğurlu həyata keçəcəyini vurğulayıb: “Türkiyənin “Tarsim” modelinə əsaslanan qanunun qəbul edilməsi irəliyə doğru atılmış addımdır. Orada da sığortanın yarısını dövlət ödəyir, yerdə qalan hissəni də fermerlər müəyyən hissələrlə ödəyirlər. Qanunda o da nəzərdə tutulub ki, bütün aqrar sığorta hallarına nəzarət edən vahid orqan yaradılmalıdır. Həmin orqan bütün məsələləri, prosedurlar, tariflər, qiymətlər və.s aydınlaşdırmalıdır. Əgər qiymətlər fermerlər üçün əlçatan, sığorta şirkətləri üçün isə normal hesab ediləcəksə, o zaman mexanizm işləyəcək. Aqrar sığorta tətbiq edilərkən həm sığorta şirkətlərinin, həm fermerlərin marağı təmin olunmalıdır. Həm də dövlətə çox yük düşməməlidir. Həmin bu “qızıl orta”nı yaratmaq da yaradılacaq idarəedici qurum tərəfindən yoluna qoyulmalıdır”.

Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətinin rəhbəri Elşən Allahverdiyev İqtisadiyyat.Az-a açıqlamasında, sığorta şirkətlərinin yeni mexanizmdə risk daşıyıcısı deyil, vasitəçi olaraq fəaliyyət göstərəcəklərini bildirib:

““Aqrar sığorta haqqında” Qanun layihəsinə əsasən, Dövlət Özəl Əməkdaşlıq prinsiplərinə əsaslanan kənd təsərrüfatı sığortası mexanizminin yaradılması nəzərdə tutulmuşdur. Kənd təsərrüfatı sığortası üzrə risklər dövlət tərəfindən yaradılacaq daxıl formasında olan Aqrar sığorta orqanı tərəfindən qəbul ediləcəkdir. Daxılın idarə edilməsi açıq səhmdar cəmiyyəti formasında təsis olunacaq İdarəedici qurum tərəfindən həyata keçiriləcəkdir. İdarəedici qurum qeyri-həyat sığorta sahəsi üzrə lisenziyaya malik olan sığortaçılar tərəfindən təsis ediləcəkdir. Sığorta şirkətləri yeni mexanizmdə risk daşıyıcısı deyil, vasitəçi olaraq fəaliyyət göstərəcəklər. Əlavə olaraq bildirilməlidir ki, qanun layihəsinin hazırlanması zamanı mütərəqqi kənd təsərrüfatı sığortası mexanizmləri olan ölkələrin, yəni Türkiyə, İspaniya, İsrail, ABŞ, Kanada kimi ölkələrin təcrübələri öyrənilmiş və ölkənin xüsusiyyətlərinə uyğun olaraq qanun layihəsi hazırlanmışdır”.

Mehman Nəbiyev