Azərbaycan son antiterror əməliyyatı və ondan sonrakı tədbirlərlə demək olar ki, Cənubi Qafqazda ilk dəfə separatizmin kökünü kəsmiş oldu. Separatçı qurum özü özünü buraxdıqdan sonra artıq ermənilərin əlində xüsusi rıçakları qalmadı. Yalnız "VoMa" kimi terror qrupları partizan müharibəsi aparacağını bəyan edir.

Qarabağda partizan müharibəsi aparmaq mümkündür?

Hesab edirəm ki, Qarabağın dağlıq hissəsinin relyefi çox çətin, meşələri sıx olsa da, orada partizan müharibəsi aparmaq mümkün deyil. Partizan müharibəsinin aparılması üçün öncə hazırlıqlı döyüşçülər, onların təlim mərkəzi lazımdır. Əlində bu qədər PUA-lar olan Azərbaycan üçün belə yerlərin aşkarlanması son dərəcə asan olacaq. Onlar zərəri daxildən yox, yalnız sərhəd istiqamətindən endirə bilərlər. Bu isə Azərbaycanla Ermənistan arasındakı gərginliyi daha da artıra və beləcə Ermənistan arzulamadığı hallarla qarşılaşa bilər.

Hesab edirəm ki, hazırkı Paşinyan hakimiyyəti Azərbaycana qarşı belə halların baş verməsinə qarşı çıxacaq. Çünki bunun sonu ikinci münaqişə ocağına qədər gedib çıxa bilər.

Terror aktları gözlənilməyən hal deyil. Çünki erməni millətçiləri nəinki xarici düşmənlərinə qarşı, daxildə də dəfələrlə terror aktları, sui-qəsdlər törədiblər. Odur ki, rəsmi Bakı ola biləcək bütün versiyaları düşünüb və tədbirlərini alıb.

Ermənilərin xaricdə səfirliklərə hücum edəcəyi gözlənilən hal idi. 44 günlük müharibə əvvəlcə xaricdə başlamışdı. Dünyanın bir neçə ölkəsində ermənilərlə azərbaycanlılar arasında kütləvi davalar düşmüşdü və bu davalar zamanı kifayət qədər xəsarət alanlar da olmuşdu. Dolayısı ilə məğlub tərəfin belə qəzəbli düşüncədə olacağı gözlənilməyən deyildi.

Erməni lobbisinin də qəzəbli olması anlaşılandır. Belə ki, illərdir Qarabağda ikinci erməni dövlətinin qurulması üçün addımlar atır, lobbiçilik edir, pul xərcləyirdilər. Bir gün ayıldılar ki, düşüncələri alt-üst olub. Onların qurmaq istədikləri dövləti nəinki dünyada hansısa ölkə, heç Ermənistan özü belə tanımadı. Bunun üzərinə isə separatçı qurum özü özünü buraxdı. Əslində o qurumun özünü buraxması Azərbaycanın əlini bir qədər də gücləndirmiş oldu. Çünki əgər qurum özünü buraxdığını elan etməsəydi, onlar döyüş meydanında olmasa da, masa ətrafında bu iddianı inkişaf etdirəcəkdilər. İndi bu da yoxdur. Ermənistanda hazırda müxalifətdə olan Qarabağ klanının nümayəndələri mübarizələrini davam etdərəcəklərini bildirirlər. Bu isə onların sevimli oyuncağıdır və bundan Ermənistanda hakimiyyətə gəlmək üçün yenə istifadə etməyə cəhd edəcəklər. Paşinyana qədər Ermənistan iqtidarları Birinci Qarabağ müharibəsi zamanı döyüşən komandirlərdən formalaşırdı. Onlar Qarabağ kartını həmişə hakimiyyətləri üçün istifadə edirdilər. Hazırkı Ermənistan iqtidarı isə fərqli yön seçib. Bu hakimiyyət daha çox Qarabağ yarasını kəsib atmaq istəyir və Ermənistan dövlətinin təhlükəsizliyini və gələcəyini düşünür.

Qarabağda yaşayan ermənilər Ermənistana üz tutur. Maraqlıdır ki, həmin əhali məcbur köçürülməsə də, onları məcburi köçkün kimi qeydə alırlar. 30 il öncə azərbaycanlıların yaşadığı da məcburi köçkünlük adlandırılsın, ermənilərin köçməyi də. Çox qəribədir.

Hesab edirəm ki, Azərbaycan Qərbi azərbaycanlılar kartını işə salmalı və ciddi şəkildə bundan istifadə etməyə başlanılmalıdır. Qərbi Azərbaycan məsələsi yaxın gələcəyin ən çox müzakirə olunan, hətta danışıqlar masasına daşınacaq gündəmi olacaq və olmalıdır.

Səxavət Məmməd