Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 13,43 mlrd kubmetr qaz nəql edilib.

Dövlət Statistika Komitəsinin verdiyi xəbərə görə, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,3% artım müşahidə olunub.

Hesabat dövründə qazın nəqlinin 36,5%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 4,9 mlrd kubmetr qaz ötürülüb. Bu boru kəməri ilə nəqletmənin həcmi 16,5% artıb.

Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və "Şahdəniz" yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.Report