9-10 sentyabr tarixlərində Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Hindistanın Yeni Dehli şəhərində 2023-cü il G20 Liderlər Zirvəsi keçiriləcək. 

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, hər il müxtəlif ölkələrdə keçirilən G20 Liderlər Zirvəsi bu il 18-ci dəfə Hindistanda “Bir Yer, Bir Ailə, Bir Gələcək” əsas mövzusu ilə baş tutacaq. 

Sammitdə Avropa İttifaqı və Argentina, Avstraliya, Braziliya, Kanada, Çin, Fransa, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Yaponiya, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Cənubi Afrika, Cənubi Koreya, Türkiyə, Böyük Britaniya və digər ölkələr daxil olmaqla, 19 ölkədən nümayəndə olacaq. Dünyanın ən yaxşı 20 iqtisadiyyatı sırasında olmasına baxmayaraq, G20-yə daxil olmayan İspaniya bu il sammitə qonaq kimi dəvət olunub. Sammitdə Çin prezidenti Si Cinpin və Rusiya prezidenti Vladimir Putin iştirak etməyəcək. Çini baş nazir Li Qianq, Rusiyanı isə xarici işlər naziri Sergey Lavrov təmsil edəcək.

Sammitdə regional və qlobal problemlər, xüsusilə Ukrayna-Rusiya müharibəsinin müzakirə olunacağı gözlənilir. 

Qeyd edək ki, sammit çərçivəsində 50 mindən çox polis əməkdaşı təhlükəsizliyi təmin edəcək. Bundan başqa,  Hindistan Milli Təhlükəsizlik Mühafizəsi təhlükəsizliyin təmin edilməsində polis qüvvələrinə dəstək verəcək. Eyni zamanda sammitin keçiriləcəyi bölgədə bir çox prospekt, küçə və iş yerləri 3 gün müddətinə bağlı olacaq və bəzi bölgələrdə səyahət məhdudiyyətləri tətbiq olunacaq.

Gülşən Şərif