"Afrika ölkələri ilə yataqların işlənilməsi, mədənçıxarma və enerji sahəsində əməkdaşlığın Rusiyada mövcud olan texnologiyalar sayəsində yaxşı perspektivləri var". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov prezident Vladimir Putinin hökumət üzvləri ilə görüşündə deyib.

"Afrika ən zəngin resurs bazasına malikdir. Afrikalı həmkarlarımız istehsal texnologiyalarına yiyələnmək üçün kömək istəyirlər. Buna görə də Namibiya, Tanzaniya, Burkina Fasoda yataqların işlənməsi və mədənçıxarma üzrə birgə layihələrimiz perspektivlidir", - o deyib.

Reşetnikov həmçinin elektrik enerjisinin istehsalı sahəsində birgə layihələrin işlənib hazırlanmasının mümkünlüyünü qeyd edib. O xatırladıb ki, qitə əhalisinin yarısı hələ də elektrik enerjisindən istifadə edə bilmir.

"Ona görə də, kömür və qazın yanmasına əsaslanan ənənəvi enerjiyə də tələbat olacaq. Kifayət qədər neft emalı zavodları yoxdur. Bizim texnologiyalarımız burada effektli olacaq", - nazir bildirib.