"Ermənilər ya Azərbaycana inteqrasiya olaraq digər milli azlıqlar kimi hüquq və azadlıqlardan yararlanacaqlar, ya da həmin əraziləri tərk edəcəklər". 

Bu sözləri Azərbaycanın antiterror tədbirləri çərçivəsində Qarabağdakı xuntanın təslim olmasının ölkəmizin beynəlxalq aləmdəki mövcudluğuna mümkün təsirlərini dəyərləndirən politoloq Kamran Məmmədli İqtisadiyyat.az-a açıqlamasında deyib.

 

kamran1668507040.jpg

 

Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın kapitulyasiyası və bir neçə gün öncə qondarma rejimin ağ bayraq qaldırması Azərbaycan üçün mühüm qələbədir:

"Qarabağ Azərbaycan ərazisidir və beynəlxalq aləm də bunu təsdiqləyir. Hətta Ermənistanın baş naziri Paşinyan vaxtilə "Qarabağ Ermənistandır və nöqtə" deyirdisə, indi "Qarabağ Azərbaycandır" deyir və hətta bizim ərazimizin ölçülərini də dilə gətirir. Azərbaycan ordusunun tam qələbəsindən sonra yeni bir mərhələ başlayır. Ermənilər ya Azərbaycana inteqrasiya olaraq digər milli azlıqlar kimi hüquq və azadlıqlardan yararlanacaqlar, ya da həmin əraziləri tərk edəcəklər. Üçüncü variant yoxdur və heç bir statusdan, muxtariyyətdən söhbət gedə bilməz. Dövlətimizin bu istiqamətdə atdığı bütün addımlar beynəlxalq hüquqa söykənir. Azərbaycan höküməti hazırda erməni icmasını Yevlax şəhərində qəbul etməklə, öz alicənablığını və beynəlxalq hüququn prinsiplərinə sadiq olmasını bir daha bütün dünyaya nümayiş etdirir".

Gülşən Şərif