Qərbi Afrika ölkələrindən biri olan Qanada 2022-ci ildə İnsan İmmunçatışmazlığı Virusunun (İİV) səbəb olduğu Qazanılmış İmmunçatışmazlığı Sindromundan (QİÇS) 9354 nəfər dünyasını dəyişib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qana QİÇS Komissiyasının direktoru Dr. Kyeremeh Atuahene açıqlamasında bildirib.

O, ölkədə xəstəliyə yoluxanların sayının gündən-günə artmağa davam etdiyini bildirib.

Ölkədə 2022-ci ildə 9 min 354 nəfərin QİÇS-dən öldüyünü qeyd edən Atuahene deyib: "Eyni ildə 16 min 574 nəfər xəstələnib və ölkədə xəstəliyə yoluxanların ümumi sayı 354 min 927 nəfərə çatıb".

Komissiyanın QİÇS-ə qarşı kampaniyaları davam etdirəcəyini vurğulayan Atuahene vətəndaşları virusa qarşı testdən keçməyə çağırıb.