“Qərb Ukraynaya qoşun yeridərsə, bu, Rusiya ilə NATO arasında hərbi toqquşmanı qaçılmaz edəcək. Bu halda biz ehtimaldan yox, qaçılmazlıqdan danışmalıyıq”.

İqtisadiyyat.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Fransa prezidenti Emmanuel Makronun Qərb qoşunlarının hipotetik olaraq Ukraynaya göndərilməsi ilə bağlı sözlərini şərh edərkən deyib.

“Ukraynaya kontingentin göndərilməsi imkanının müzakirəsi faktının özü mühüm elementdir. Qalan hər şey artıq elan edilib. Qərb liderlərinin öz əsgərlərini Ukraynaya göndərilməsi ilə bağlı “zəngin fikirlər diapazonu” var və bu məsələdə konsensus yoxdur. Bir çoxları ayıq qiymətləndirmə aparır və riskləri başa düşürlər. Bu, üçüncü ölkələrin maraqlarına uyğun deyil, onlar bundan xəbərdar olmalıdırlar”, - deyə o bildirib.

Fevralın 26-da Fransa prezidenti Emmanuel Makron Qərb qoşunlarının Ukraynaya göndərilə biləcəyini etiraf edib. Slovakiyanın Baş naziri Robert Fiko da bildirib ki, bir sıra Avropa İttifaqı və NATO ölkələri Kiyevlə ikitərəfli sazişlər çərçivəsində Ukraynaya qoşun yeritmək imkanını nəzərdən keçirir, lakin Slovakiya bunu etmək niyyətində deyil. 

 

Sadiq Cavadov