"Pekində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), Müstəqil Dövlətlər Birliyi (MDB) və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) yüksək vəzifəli rəsmilərinin işçi görüşü keçirilib, görüş zamanı onlar məsuliyyət daşıdıqları ərazilərdə təhlükəsizlik və sabitliklə bağlı qiymətləndirmələrini bölüşüblər"

İqtisadiyyat.az xəbər verir ki, bu barədə KTMT-nin mətbuat xidməti məlumat yayıb. 

"Pekində KTMT-nin baş katibi İmanqali Tasmaqambetov, Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Canq Minq və MDB baş katibinin müavini İlhom Nemətov arasında işgüzar görüş keçirilib. Görüş zamanı Avrasiyanın üç aparıcı regional təşkilatının yüksək rütbəli inzibati rəsmiləri məsuliyyət daşıdıqları sahədə təhlükəsizlik və sabitliklə bağlı qiymətləndirmələrini bölüşüblər”, - deyə məlumatda qeyd edilib.

KTMT əlavə edib ki, terrorizm və ekstremizm, qeyri-qanuni narkotik vasitələrin dövriyyəsi, transsərhəd cinayətlərlə mübarizə sahəsində əməkdaşlığa, o cümlədən üç təşkilatın informasiya və proqnozlaşdırma strukturları arasında daha fəal əməkdaşlığın inkişafına xüsusi diqqət yetirilib.