"Biz dedik ki, sülh gündəliyi bizim prioritetimizdir və biz Azərbaycanla ən qısa zamanda, məsələn, ilin sonuna, gələn ilin əvvəlinə qədər sülh sazişi imzalamaq istəyirik. Bunun üçün hər şeyi edirik".

İqtisadiyyat.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O qeyd edib ki, əgər sənədin imzalanması nəzərdə tutulursa, bu o deməkdir ki, Ermənistan həmin sənədi onun balanslaşdırılmış maraqlarına uyğun hesab edir və müqaviləni imzalayacaq.

Paşinyan ümid edir ki, Azərbaycanla intensiv danışıqları davam etdirəcək və problemin həllinə nail olacaqlar.

"Aydındır ki, Qarabağdakı ekstremal humanitar böhran sülh prosesinə mənfi təsir göstərir. Hesab edirəm ki, biz Laçın dəhlizinin qanunsuz bağlanması, o məsələnin həllinə sərf etdiyimiz və nəticəsiz xərclədiyimiz vaxt və enerji səbəbilə çox vaxt itiririk. Əgər o vəziyyət olmasaydı, eyni enerji sülh razılaşmasının müzakirəsinə yönəlmiş olardı", - Paşinyan əlavə edib.

Paşinyan bildirib ki, ilin sonuna qədər vəziyyətin dəyişəcəyini və sülh sazişinin imzalanacağını mümkün hesab edir: "Mən bunu həmişə mümkün hesab etmişəm, çünki mən belə bir müqavilə imzalamaq üçün siyasi öhdəlik götürmüşəm. Həmin müqavilə nə qədər gecikirsə, bu, aldığımız siyasi öhdəlik baxımından bir o qədər pisdir. Biz bu vəziyyətin dəyişdirilməsi, Laçın dəhlizinin açılması, Qarabağda humanitar böhranın aradan qaldırılması məsələləri üzərində işləyirik".