Ötən gündən etibarən İrəvanda Paşinyan hakimiyyətinə qarşı etiraz aksiyası keçirilir. İrəvanda hökumət evinin qarşısında və Respublika meydanında keçirilən aksiyada etirazçılar Baş nazir Nikol Paşinyanı istefa verməyə səsləyir. Bəzi ekspertlərə görə, bu etiraz Ermənistanda hakimiyyət dəyişikliyinə səbəb ola bilər.

 

natiqmiri.jpg

 

Mövzu ilə bağlı politoloq Natiq Miri İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, Paşinyanın hakimiyyətə qalması Azərbaycana, Türkiyəyə və bütünlükdə regiondakı hər bir dövlətə sərf edir:

"Ermənistanda hansısa hakimiyyət dəyişikliyindən söhbət getmir. Çünki etirazda böyük kütləvilik müşahidə olunmur. Antiterror tədbirləri başlayan gün təxminən 500-ə yxın etirazçı var idi. Ötən gecə isə etirazçıların sayı 1000-1500 nəfərdən çox olmayıb. Etirazçıların əksəriyyəti 44 günlük Vətən Müharibəsində yaxınlarını itirmiş əsgər valideynləri idi. Bundan başqa, Rusiyaya etiraz edənlər var idi. Etiraz aksiyasında kütləvilik olmadığına görə Paşinyanın istefası gözlənilmir. Hətta bununla bağlı Paşinyan da bəyanat verib. Çünki onu istefaya göndərəcək güc yoxdur. Rusiyayönümlü müxalifəti xalq dəstəkləmir. Bu baxımdan indiki vəziyyətdə Paşinyan hakimiyyətdə qalmağa davam edəcək. Qarabağ probleminin antiterror tədbirləri ilə birdəfəlik həlli  və inteqrasiya prosesinin tədricən başlaması sülh müqaviləsinə əngəl törədən amillərin aradan qaldırılmasına səbəb olub. Yəni Azərbaycanın antiterror tədbirləri müsbət proseslərin yolunu açıb. Bundan sonra sülh müqaviləsi haqqında danışıqlar və müqaviləni imzalamaq daha rahat olacaq". 

Qeyd edək ki, etiraz aksiyasında 30 nəfər saxlanılıb. Saxlanılan şəxslərdən 28 nəfərə qarşı cinayət işi açılıb, 2 nəfər isə inzibati məsuliyyətə cəlb edilib.

Gülşən Şərif