Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Dağlıq Qarabağla bağlı müzakirələr zamanı BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağda humanitar böhran olduğunu, 120 min əhalinin həyatı və təhlükəsizliyinin təhdid altında olması faktını təsdiqləyib. Eyni zamanda insanların Laçın dəhlizi ilə hər iki istiqamətdə nəqliyyat vasitələrinin və yüklərin fasiləsiz hərəkətinin təmin edilməsi ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral və 6 iyul 2023-cü il tarixli qərarları Azərbaycan tərəfindən icra olunmayıb. 

Rəsmi Bakı Paşinyanın bu bəyanatının sülh prosesinə ciddi zərbə vurduğunu bildirib və Ermənistan Baş nazirinin iddialarının əsassız olduğunu qeyd edib.

 

kamran1668507040.jpg

 

Mövzu ilə bağlı politoloq Kamran Məmmədli İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, Paşinyanın bu tərz çıxışları daha çox daxili auditoriyaya hesablanıb:

"Təxminən 4 gün öncə Ermənistanın paytaxtı İrəvanda eks-prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın iştirakı ilə müxalifətin birgə mitinqi təşkil olunmuşdu. Bu mitinqin əsas sifarişçisi isə Rusiyadır. Mitinqdə etirazçılar Ermənistanın düşdüyü mövcud durumun əsas səbəbkarı kimi məhz  Paşinyanı göstərib, onun ünvanına ittihamedici fikirlər səsləndiriblər. Görünür, Paşinyan bu bəyanatlar ilə etirazçıları sakitləşdirəcəyini düşünür. Lakin bu, siyasi baxımdan çox yanlış addımdır. Çünki bu kimi ifadələr Azərbaycan ilə danışıqlara mənfi təsir göstərir və vəziyyəti daha da gərginləşdirir.

Vəziyyətin gərgin olması bölgədə yeni münaqişələrin yaranmasına və Azərbaycanın da haqlı olaraq lazımi addımlar atmasına səbəb olur. Bu, Paşinyana qarşı etirazların, onun siyasi hakimiyyətinin zəifləməsi anlamına gəlir. Yəni, hər bir halda bu prosesdə uduzan Paşinyandır. Onun əsas səhvi qərarsız olmasıdır. Mosvkada ruspərəst, Brüseldə isə qərb aşiqinə çevrilən Paşinyan artıq hər iki tərəf üçün etibarlı tərəfdaş sayılmır. Bu baxımdan Azərbaycan höküməti Paşinyana və erməni terrorçularına qarşı sərt addımlar ataraq onları çıxılmaz vəziyyətə salmalıdır. Əgər ehtiyac yaranarsa, yeni anti-terror əməliyyatı keçirməliyik.

Paşinyan devrilmədən öncə Azərabycanın diqtə etdiyi şərtlər əsasında sülh sazişinə imza atmağa məcbur edilməlidir. Əgər Paşinyan devrilərsə və onun yerinə rusyönümlü yeni hakimiyyət gələrsə, bu proses uzun müddətlik dondurula bilər. Nəticədə indiyənədək Paşinyan ilə əldə edilən bütün razılıqlar, Brüsseldə götürdüyü öhdəliklər və digər məsələlər sıfırlana bilər".

Gülşən Şərif