Tarix insanlıq adına irili-xırdalı cinayətlərlə doludur. Demək olar ki, tarixin hər qatında, az qala hər günündə hansısa dövlət digərinə qarşı cinayət törədib, yaxud bir xalq digərinə qarşı qəddar davranıb. 

Bəs sonralar etdiklərinə görə üzr istəyən dövlətlər və ya ictimai-siyasi xadimlər olubmu? Olub. 

Tarixə nəzər salanda görürük ki, bəşəriyyətin ən böyük utanclarından biri heç şübhəsiz köləlik dönəmidir. Buna görə bir sıra dövlətlər üzr istəyib. Onların arasında ABŞ ön sırada gəlir. 30 iyul 2008-ci ildə Birləşmiş Ştatların Nümayəndələr Palatası Amerikanın köləliyə və ayrı-seçkilik qanunlarına görə üzr istəyən qətnamə qəbul edib.

Köləliyə görə üzr istəyən ölkələrdən biri də Niderlanddır. Ölkənin baş naziri Mark Rutte bir neçə həftə əvvəl Haaqa məhkəməsində qul ticarətində ölkəsinin oynadığı rola görə rəsmən üzr istəyib. Niderlanddan öncə Danimarka, Fransa və Britaniya da bu mövzuda üzrxahlıq edən ölkələr sırasındadır.

Siyahıda dövlətlərlə yanaşı, bir media qurumu da diqqət çəkir. Britaniyanın “The Guardian” qəzetinin sahibləri nəşrin təsisçilərinin bir vaxtlar transatlantik köləlikdə oynadıqları rola görə üzr istəyiblər.

1965-ci ilin 12 mayında Almaniya Federativ Respublikası yəhudi soyqırımına görə (Holokost) rəsmən üzr istəyərək İsrail dövlətini tanıyıb və onunla diplomatik əlaqələr qurub. Bildiyim qədəri ilə Almaniya dövləti bu gün də yəhudilərə kompensasiya ödəyir.

Almaniyadan söz düşmüşkən, 2019-cu ilin sentyabrında bu ölkənin prezidenti Frank-Valter Ştaynmayer 1939-cu il sentyabrın 1-də Polşada faşist Almaniyası tərəfindən ilk bombalanan şəhər kimi tanınan Vielun şəhərində keçirilən anım mərasimində çıxışı zamanı bu ölkənin nasizm zülmünə məruz qalmasına görə polşalılardan üzr istəyib: "Alman zülmünün qurbanları olan polşalılar qarşısında baş əyirəm. Onlardan üzr istəyirəm", - Ştaynmayer almanca və polyakca deyib.

Serbiyanın milliyyətçi prezidenti Tomislav Nikoliç 1995-ci ildə 8 min insanın qətlinə səbəb olmuş Srebrenitsa soyqırımına görə Bosniya müsəlmanlarından üzr istəyib. 

2008-ci ilin 13 fevralında Avstraliyanın Baş naziri Kevin Rudd aborigenlərdən, xüsusən də keçmiş hökumətin uşaqları məcburi köçürmə və assimilyasiya siyasəti ilə həyatları məhv edilmiş yerli xalqlardan rəsmi üzr istəyib.
Siyahını xeyli uzatmaq olar. Bəs 20-ci əsrin sonlarında Azərbaycan xalqına qarşı qanlı qətliama əl atmış ermənilər nə vaxtsa Azərbaycandan və xalqımızdan üzr istəyibmi? Bunu fərdi şəkildə edənlər olub.

2015-ci ildə erməni yazıçı-publisist Vahe Avetyan sosial şəbəkə platformalarında paylaşım edərək “Xocalıda yüzlərlə insanın soyqırımında ermənilərin hər hansı mümkün iştirakına görə azərbaycanlılardan üzr istəyirəm” sözlərini qələmə alıb: “Sizi əmin edirəm ki, bir vaxt Ermənistanda qanuni xalq hakimiyyəti olacaq və mənim ölkəm cinayətin araşdırılması və onda əli olanların məhkəmə qarşısında dayanması üçün əlindən gələni edəcək”, - Vahe Avetyan yazıb.

2016-cı ildə isə Azərbaycanda səfərdə olan Ermənistanın “Meridian” qeyri-hökumət təşkilatının sədr müavini, jurnalist Suzanna Caqinyan Beynəlxalq Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında “Mən Azərbaycan xalqına qarşı törədilən müsibətlərə görə Ermənistan xalqı adından azərbaycanlılardan üzr istəyirəm” sözlərini dilə gətirib.

Ermənilərin yüz minlərlə azərbaycanlının həyatını məhv etdiyi bütün dünyaya məlumdur. Onların on minlərlə dinc azərbaycanlını qətlə yetirməsi ən yeni tarixdir və təkcə rəsmi nəşrlərdə deyil, videolentlərində də yer alır. Hər şey bir yana, təkcə Xocalı faciəsi kifayət edir ki, ermənilər bu qəddarlığa görə başlarını aşağı salıb bağışlanmalarını diləsinlər. Amma son 30 ildə heç vaxt dövlət səviyyəsində belə bir üzrxahlıq edilməyib. 

Üzr istəmək hər şeyin çarəsidirmi? Əlbəttə yox. Amma gərginliyi azalda biləcək böyük bir xarakter nümayişidir. Əbəs yerə demirik ki, üzr istəməyi bacarmaq böyüklükdür. Amma ermənilər bu böyüklüyə sahibdirmi? Onlar üçün böyüklük ancaq xülyalarında gəzdirdiyi “Böyük Ermənistan” cəfəngiyyatıdır. 

Bu gün Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev “Arab News”a verdiyi müsahibədə Ermənistanın Azərbaycandan üzr istəməli olduğunu vurğulayıb. Önəmli məsələdir. 

Azərbaycan 44 gün ərzində öz gücü ilə ədaləti bərpa etdi. Bu gün də azsaylı qanunsuz silahlılar tərkisilah ediləcək. Bununla yanaşı, Ermənistanla sülh danışıqları davam etdiriləcək və gec-tez sülh bağlanacaq. Amma mənəvi anlamda barışıq olacaqmı? Azərbaycan xalqı kağız üzərindəki sülhü ürəyində həzm edə biləcəkmi? Bağışlaya biləcəyikmi Ermənistanı? 

Bax burası sual altındadır. Bu sualı nidaya çevirmək isə Ermənistanın indiki hökumətinin əlindədir. 

Üzr istəmək keçmişin üzərindən xətt çəkmir, nə də tarixi geri qaytarmır. Amma qarşındakının peşmanlığıdır, səhvini anlamasıdır, dostniyyətli olmasının göstəricisidir. Tək sülh üçün deyil, həm də barışıq üçün əlini uzatmasıdır.

Bir neçə il əvvəl rejissor Emil Quliyevin çəkdiyi “Pərdə” trilogiyasının 2-ci hissəsində məşhur dialoq dillər əzbəri olmuşdu. Həyat yoldaşına xəyanət edən qadın sevgilisi ilə “iş başında” tutulur. Xanımına göz dikən şəxsin öz dostu olduğu görən baş qəhrəman dəhşətə gəlir. “Dost”unun “bağışla, brat” sözlərinə soyuqqanlı şəkildə “bağışladım səni, dur get” sözləri ilə cavab verir. Sarsıntı içində kinayə. Faciə içində yumor. Bu cür böyük qələt edib sonra da “bağışla” demək nə qədər gülməli və dəhşətli səslənir.

İndi Ermənistanın da həmin “dost” kimi “bağışla” deməsi absurd və gülünc görünəcək, sözsüz. Təkcə son 30 ildə başımıza açmadıqları oyun qalmayıb. Bağışlamağa üz yeri qoyublarmı? Bu qədər vəhşiliyi, terroru bağışlamaq mümkündürmü? Əlbəttə adamın içindən kinodakı kimi kinayə ilə “bağışladım səni, dur get” deməyi gəlir.

Amma Paşinyan və komandası səmimi şəkildə üzr istəsə, Azərbaycan bu jesti diqqətsiz qoymaz.

Bir neçə il əvvəl Şuşada yallıya qalxan əl indi üzrxahlıq üçün sinəyə qoyulmalı və “bizi bağışlayın” sözləri ilə Azərbaycana tərəf uzadılmalıdır.

Bəlkə o halda Azərbaycan dövləti və xalqı keçmişini unutmadan, gələcək nəsillərin də bu problemdən əziyyət çəkməməsi üçün o əli geri qaytarmaz.

 


Rahil Sayadoğlu