“PAŞA Bank” ASC 2019-cu ilin 1-ci rübünü 35 milyon 681 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, Bank 2018-ci ilin ilk rübünü 6 milyon 532 min manat xalis mənfəətlə bağlamışdı. Beləliklə, “PAŞA Bank”ın xalis mənfəəti 5,5 dəfə artıb.

“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən ilin ilk rübü ilə müqayisədə 2019-cu ilin yanvar-mart dövründə “PAŞA Bank”ın faiz və qeyri-faiz gəlirləri artıb. 2018-ci ilin ilk rübündə faiz gəlirləri 40 milyon 307 min manat ikən, 2019-cu ilin ilk rübündə 52 milyon 558 min manat təşkil edib (12 milyon 251 min manat və ya 30,3% artıb). Qeyri-faiz gəlirləri isə 6 milyon 791 min manatdan 9 milyon 553 min manata yüksəlib ( 2 milyon 762 min manat və ya 40,7% artıb).

Həmçinin, Bank bu il faiz qazandıran aktivlər üzrə dəyərsizləşmə üçün ehtiyata cəmi 514 min manat ayırıb. Ötən ilin ilk rübündə bu məbləğ 14 milyon 166 min manat təşkil etmişdi.

Həm gəlirlərinin artması, həm də ehtiyata ayrıma üzrə xərcinin azalması ilə əlaqədar olaraq ilk rübdə PAŞA Bank daha çox xalis mənfəət əldə edib.