“Aparılan islahatlar səhiyyənin idarə olunması ilə bağlı təxirəsalınmaz və həlli vacib olan məsələlərin meydana çıxmasına səbəb olub”.

İqtisadiyyat.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım Səhiyyə Menecmenti Zirvəsində çıxışı zamanı deyib.

O, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında son illər ölkə səviyyəsində köklü islahatların aparıldığını, yeni layihələrin həyata keçirildiyini xatırladıb. Bildirib ki, buna görə də nəzərəçarpan müsbət dəyişikliklər müşahidə olunur:

"Artıq bir neçə ildir ki, ölkədə icbari tibbi sığorta xidməti tətbiq olunur. Bu xidmət nəticəsində bir sıra elitar və qabaqcıl xəstəxanaların qapısı yalnız kiçik təbəqəyə deyil, bütün əhaliyə açılıb. İslahatlar nəticəsində yeni və müasir səhiyyə infrastrukturu inşa olunur, tibb müəssisələrinin maddi-texniki bazaları gücləndirilir. Ən vacib məsələlərdən biri isə tibb işçilərinin əməkhaqqlarının artırılmasıdır".

Son 10-15 il ərzində özəl klinikaların sayının artdığını qeyd edən Ş.Mirqasım bildirib ki, bu artım səhiyyənin inkişafından xəbər verir: "Bu fonda tibbi xidmətlərin icbari tibbi sığorta fonunda göstərilməsi düzgün yanaşma olar. Bu baxımdan qanunvericilik bazasının yenilənməsinə, dövlət-özəl tərəfdaşlığının müasir standartlara uyğunlaşdırılması arzuolunandır".

Qeyd edək ki, Zirvə “Sağlam Ailə” və “Facemark” şirkətlərinin ortaq təşkilatçılığı ilə həyata keçirilir.

Gülşən Şərif