COVID-19 pandemiyası dövründə Beynəlxalq Valyuta Fondunun (BVF) verdiyi kreditlərin sayı və həcmi artdıqca ölkələr xərclərini azaltmağa məcbur olur və bu da, öz növbəsində, yoxsulluq və bərabərsizliyin artımına gətirib çıxarır.

"Bloomberg" məlumat verir ki, bunu "Oxfam International" xeyriyyəçilik təşkilatının müvəqqəti icraçı direktoru Cema Vera deyib.

Onun sözlərinə görə, mart ayından bəri BVF-nin 91 kredit xəttindən 76-sı borc alan ölkələrdə dövlət xərclərinin məcburi azaltmasına səbəb oldu. Bunun nəticəsi kimi, səhiyyə və sosial müavinətlərə ayrılan xərclər azalır, işçilərin (əsasən həkim və müəllimlərin) əməkhaqqıları dondurulur.

"Belə davam edən vəziyyət milyonlarla iş axtaran insanı sağlamlıq dəstəyindən və ya gəlir mənbəyindən məhrum edə bilər və davamlı bərpa prosesinə olan ümidlərin qarşısını ala bilər", - dəyə C. Vera bildirib.

Qeyd edək ki, BVF 81 ölkəyə COVID-19 pandemiyasının nəticələrini aradan qaldırmaq üçün təxminən 100 mlrd. dollar dəyərində yeni kredit xətti ayırıb. Bundan əlavə, fondun proqnozuna əsasən, bu il dünya ölkələrinin dövlət borcu qlobal ÜDM-in təxminən 100%-nə çatacaq.