2023-cü ildə 1636 və ya 2022-ci illə müqayisədə 1,9 faiz az yol-nəqliyyat hadisəsi baş verib. Bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 2,7 faiz azalaraq 2229 nəfər olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, onlardan 862-si həlak olub, 1367-si isə yaralanıb. Hadisələrin 42,5 faizi gündüz, 38,9 faizi gecə, 18,6 faizi isə toran vaxtı baş vermiş, 31,5 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 87,1 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilə nisbətən 8,2 faiz artaraq 636 nəfər, yaralananların sayı isə 2,3 faiz azalaraq 1299 nəfər olub.

Bütün yol-nəqliyyat hadisələrinin 39,7 faizi nəqliyyat vasitələrinin və piyadaların, 38,2 faizi bir neçə nəqliyyat vasitəsinin, 22,1 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 75,4 faizini, yaralananların isə 72,3 faizini kişilər təşkil edib.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 22 hadisə baş verib, nəticədə 6 nəfər həlak olub, 29 nəfər yaralanıb. Hadisələrin 17-si minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.