Ötən il ərzində 107 işçi ilə əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi də müəyyən olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən İqtisadiyyat.az-a verilən məlumata görə, görülən tədbirlər nəticəsində həmin işçilərin əvvəlki iş yerlərinə bərpası təmin edilib.

Keçən il vətəndaş müraciətlərinin araşdırılması zamanı 471,6 min manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib. Xidmətin gördüyü tədbirlər nəticəsində işəgötürənlər tərəfindən həmin vəsaitin işçilərə ödənilməsi təmin edilib.

Ödənilən vəsaitin 370,1 min manatı əmək haqlarından, 87,9 min manatı işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan, 13,6 min manatı isə zərərə görə ödənclərdən ibarət olub.