Macarıstanın baş naziri Viktor Orban Çinə səfər edib. Burada o, "Bir kəmər, bir yol" beynəlxalq forumunda çıxış edəcək və Çin prezidenti Si Tsinpinlə danışıqlar aparacaq.

İqtisadiyyat.az xəbər verir ki, bunu hökumət başçısının mətbuat katibi Bertalan Havasi bildirib.

Onun sözlərinə görə, Orban Pekində Çinin ən böyük şirkət və banklarının rəhbərləri ilə də görüşəcək. Orbanın gələn həftənin əvvəlində üçüncü "Bir kəmər, bir yol" forumunda iştirak edəcək yeganə Qərb lideri olacağı gözlənilir. 

O, 2017 və 2019-cu illərdə iki oxşar konfrans üçün də Çinə gəlmişdi. "Macarıstan gələcəkdə də bu genişmiqyaslı əməkdaşlığın bir hissəsi olaraq qalmaq niyyətindədir", - Havasi bildirib.

Mətbuat katibi qeyd edib ki, Çin Macarıstanın 9-cu ən böyük ticarət tərəfdaşıdır. 2023-cü ildə Macarıstan iqtisadiyyatına birbaşa investisiyaların həcminə görə Çin birinci yeri tutub. Macarıstanda Çinə məxsus müəssisələrdə 20 minə yaxın insan çalışır.