Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019 tarixli 551  nömrəli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı başa çatdırılıb. Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə, 31 may 2019 tarixinə, kompensasiya hesablanmış vətəndaşların 95.5%-nə ödənişlər edilib ki, bu da cəmi ayrılan məbləğin 91.4%-ni təşkil edir. Müxtəlif səbəblərə görə müraciət etməmiş 27.5 min nəfər mövcuddur ki, onların da 20.5 minə yaxını lisenziyası ləğv edilən bankların və BOKT-ların payına düşür. Həmin vətəndaşlar 31 may 2019 tarixindən sonra da banklara və poçt rabitəsinin milli operatoruna müraciət edərək kompensasiya məbləğini ala biləcəklər.

Bütövlükdə Fərman çərçivəsində 126 mindən çox borcalanın kreditləri üzrə hesablanmış 107 milyon manata yaxın faiz və dəbbə pulları banklar və bank olmayan kredit təşkilatları tərəfindən silinmiş və bu proses davam etməkdədir. Bundan əlavə, 42 min borcalanın kreditləri tamamilə bağlanmış, restrukturizasiya proseslərinə start verilməklə bu günə 10 minə yaxın borcalanın 11 milyon manat məbləğindəki kreditləri güzəştli şərtlərlə restrukturizasiya edilmiş və bu proses cari ilin sonunadək davam edəcək.

Prosesin icrası ilə vətəndaşların banklara olan inamsızlığı və bankların dirçəlmək yolunda hər hansı problemi aradan qaldırıldımı? Ümumilikdə fərmanın icrasını uğurlu hesab etmək olarmı? İqtisadiyyat.Az-ın bu suallarını maliyyə-bank üzrə ekspert İlham Əzizov cavablandırıb. Ekspert, Prezidentin müvafiq fərmanının vətəndaş və bank arasında olan kəskin münasibətləri yumşaltdığını bildirib.

“2018-ci ilin sonlarında banklarda 1 mlrd 700 milyondan çox problemli kreditlər əmələ gəlmişdi. Bunların bir hissəsi əhalinin, bir hissəsi də böyük şirkətlərin üzərinə düşürdü. Problemli kreditlərin tərkibinə fikir versək görərdik ki, onların içində uzunmüddətli kreditlər çoxluq təşkil edirdi. Bununla belə Prezidentin müvafiq fərmanı 600 min insanın kompensasiya hüququ əldə etməsinə və 3 min insanın da problemi kreditinin restrukturizasiya olunmasına şərait yaratdı. Bunun üçün 2 mlrd manatdan artıq büdcə vəsaiti sərf edildi. Devalvasiyalardan sonra əhalinin banklara olan inamı yoxa çıxmışdı. Prezidentin fərmanı banklar və vətəndaşlar arasındakı münasibətləri yoluna qoydu. Prosesdə banklara heç bir ziyan dəymədi. Onlar borclarını aldılar, dövlət də büdcədən vətəndaşlara düşən kompensasiyanı verdi. Artıq bundan sonra banklar, vətəndaşın arxasında dövlətin olduğunu gördü. Vətəndaş da banklarla kəskin məsələlərin məhkəmə yolu ilə deyil, işgüzar yolla həll etmək yoluna gəlib çıxdılar. Restrukturizasiya olunmuş kreditlərin xırda faizləri ondan ibarətdir ki, banklar gələcəkdə vətəndaşlarla daha yaxşı işləməyə maraqlı olsunlar. Zatən bankların bundan başqa yolları da yoxdur”.

İlham Əzizovun fikrincə, vətəndaşlar və banklar bundan sonra kredit verərkən bəzi məqamlara daha ciddi yanaşacaqlar. Ekspert, həmçinin banklar haqqında qanuinvericiliyə dəyişiklər edilməsinin vacibliyini vurğulayıb:  “Devalvasiyalar, iqtisadi böhranlar həm insanlar üçün, həm də iqtisadi subyektlər üçün çox böyük problemdir. Bunun dövlətin nəzarət və dəstəyi ilə həll olunması, istər bank, istərsə də vətəndaşların birgə işləməsinə gətirib çıxarır ki, bu da uğur sayılır. Vətəndaş da götürdüyü kreditlərin məsuliyyətini və gələcəkdə gözləniləcək riskləri nəzərə alacaq. Çünki Azərbaycanda belə bir hadisə baş verməmişdi ki, vətəndaş böyük kredit götürsün və devalvasiya olsun. Bu həm də gələcəyimiz üçün bir dərsdir. Həm banklar kredit verdiyi şəxslərin sorğu sistemini təkmilləşdirməli, həm də vətəndaş götürdüyü kreditin və ya qoyduğu əmanətin sığorta məsələlərini yerinə yetirməlidir. Fikrimcə, banklar sahəsində qanunvericilikdə dəyişikliklər olması vacibdir”.

Mehman Nəbiyev