İqtisadiyyatın müxtəlif sahələrində yeni KOB subyektlərinin yaranması və mövcud KOB-ların fəaliyyətinin genişlənməsi, özəlləşdirmə proseslərində yaxından iştirak etməsi daim stimullaşdırılır. Cari ilin 9 ayında özəlləşdirilən dövlət əmlaklarının 93,8 faizi KOB subyektləri tərəfindən həyata keçirilib, verilən lisenziyaların 97,4 faizi KOB subyektlərinin payına düşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri Naxçıvanda keçirilən “KOB FEST” sərgi-satış yarmarkasında Naxçıvan Muxtar Respublikanın iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov deyib.

O həmçinin bildirib ki, Naxçıvanda KOB subyektlərinə göstərilən xidmət sayı artıb: “2024-cü ilin 9 ayında biznesə dəstək məqsədilə Naxçıvan, Babək, Şərur və Ordubad şəhərlərində yeni yaradılan Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən 41500-dən çox xidmət göstərilib ki, bunun 91 faizi KOB subyektlərinin payına düşür. Mərkəzlərdə göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 98 faiz təşkil edir”.