"Qərb dünya universitetlərinin reytinqini tərtib edərkən fırıldaqçılıqla məşğul olur, Asiya və Afrika ölkələrindən istedadlı gəncləri şirnikləndirir və bu ölkələrin təhsil sistemlərinin inkişafına mane olur".

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin Şərq İqtisadi Forumunun (EEF) iştirakçılarına müraciətində deyib.

"Təhsil və elm sahələrində neokolonial yanaşmalar ciddi  problemdir. Dünyanın aparıcı universitetlərinin reytinqini tərtib edərkən bəzən fırıldaqçılığa çevrilən qərəz, milli təhsil sistemlərinin inkişafına maneçilik törətmək, Afrika və Asiyadan olan istedadlı gənclərin vicdansızcasına şirnikləndirilməsinə hesablanır. Afrika ölkələri və bir çox qeyri-Qərb cəmiyyətlərini məcburi donor intellektual kapitala çevirirlər", - o bildirib.

Narışkin vurğulayıb ki, Qərb digər mədəniyyətlərə hörmətsizlik və öz üstünlüyünə inam səbəbindən özünün imtiyazlı statusunu qoruyub saxlamağa yönəlmiş səhv addımlar atır. Onun sözlərinə görə, bu yanaşma artıq bütün bəşəriyyətə böyük zərər və əzab verib: "Qarşılıqlı hörmət və suverenliyə, beynəlxalq münasibətlərin bütün iştirakçılarının həqiqi bərabərliyinə əsaslanan dünya nizamının alternativ prinsiplərini inkişaf etdirmək lazımdır".