Son günlər Fransada hicab qadağasının aktuallığı narazılığa səbəb olub. Hətta hicablı qadınların təhsil müəssisələrinə girişi məhdudlaşdırılıb. Fransa prezidenti Emmanuel Makron qadağanı müdafiə edərək məktəblərdə vahid geyim qaydasına üstünlük verdiyini açıqlayıb. 

Bəs görəsən, Fransanın hicab fobiyasının kökündə duran səbəb nədir?

 

natiqmiri.jpg

 

Mövzu ilə bağlı politoloq Natiq Miri İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, xristian dövlətlər hicaba qadağa qoymaqla müsəlmanların sayının artmasının qarşısını almaq istəyir:

"Fransada hicaba qoyulan qadağanın başlıca səbəbi İslam düşmənçiliyidir. Xristian dünyasında qlobal bir şəbəkə İslama qarşı hücum əməliyyatı hazırlayıb. Bu proses təkcə hicab qadağası ilə yekunlaşmır və tərkib hissələri var. Çünki müxtəlif Avropa ölkələrində müsəlmanların müqəddəs kitabı olan "Qurani-Kərim"in yandırılması hadisələrə də artıb. Bu hadisələrin heç biri təsadüfi deyil. Konkret şəbəkələr tərəfindən maliyyələşdirilən dəstələr bu prosesin aktiv iştirakçılarıdırlar. Təəssüf ki, bəzən bu hadisələr məhz müsəlman ölkələrindən gedərək Avropada məskunlaşan insanlar tərəfindən həyata keçirilir. Bu, guya qlobal səviyyədə İslamın nə qədər təhlükəli olduğunu göstərmək üçündür. Lakin hüquqi və dini cəhətdən bu mövqenin heç bir əsası yoxdur. Çünki hicab məsələsi təkcə müsəlmanlara aid olan məsələ deyil. Hicab İslamdan öncə xristian və yəhudi toplumlarında mövcud olub. 

Müsəlman dövlətlərinin ciddi etiraz etməməsinə gəlincə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu yöndə xüsusi olaraq çıxışlar edib və İslamafobiya haqqında bütün xristian dünyasını, beynəlxalq birliyi xəbərdar edib. Çünki hazırkı təxribat dinlərarası qarşıdurmaya səbəb ola bilər. Azərbaycan prezidenti İlham Əliyev də dəfələrlə İslamafobiya ilə bağlı xəbərdarlıqlar edib. Düzdür, bəzi müsəlman ölkələrində və ərəb dünyasında proseslərə elə də ciddi müdaxilə olunmur. Çünki hər bir ölkə özünün geosiyasi və geoiqtisadi maraqlarını düşünür və dini məsələləri gözardı edir. Bu, təəssüf doğurur. Hesab edirəm ki, bütün müsəlman ölkələri bu məsələdə birlik nümayiş etdirməlidir". 

Qeyd edək ki, Fransada 2010-cu ildə qəbul edilən və 2011-ci ildə qüvvəyə minən qanun kontekstində ictimai yerlərdə örtükdən istifadə qadağan edilib və bu qadağa təhlükəsizlik səbəbi ilə tətbiq olunub. Bundan başqa Avropa ölkələri arasında ən çox müsəlman əhaliyə sahib olan ölkə Fransadır. Belə ki, ölkə əhalisinin təxminən 8,8%-i müsəlmandır.

Gülşən Şərif