"Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən erməni əsilli sakinləri təxliyə edən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinə məxsus mövqenin və müşayiət etdiyi mülki kolonun atəşə tutulması barədə yayılan məlumatlar yalandır və dezinformasiya xarakteri daşıyır". 

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri Müdafiə Nazirliyinin Qarabağda lokal antiterror tədbirlərinin davam etməsi ilə bağlı keçirdiyi növbəti brifinqdə çıxış edən nazirliyin Mətbuat Xidmətinin rəisi, polkovnik Anar Eyvazov deyib.

O bildirib ki, döyüş sursatları tükənən Ermənistan silahlı qüvvələrinin birləşmələri uzun müddətli fortifikasiya qurğularını tərk edərək yaşayış məntəqələrində yenidən tərtiblənir:

"Silahlı Qüvvələrimiz tərəfindən keçirilən tədbirlər çərçivəsində mülki şəxslər və heç bir mülki obyekt qətiyyən hədəfə alınmır, yalnız legitim hərbi hədəflər bölmələrimiz tərəfindən zərərsizləşdirilir. Ermənistan silahlı qüvvələrinin birləşmələri Qarabağ bölgəsindəki dinc əhalini məcburi qaydada silahlandıraraq döyüş mövqelərinə cəlb etməyə çalışırlar. Bir daha Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrini silahı yerə qoymağa və təslim olmağa çağırırıq və bildiririk ki, yalnız bu halda antiterror tədbirləri dayandırılacaq. Eyni zamanda bölgədə yaşayan erməni sakinlərinə Ermənistan silahlı qüvvələrinin birləşmələrinə yaxın durmamağa və onlara dəstək olmamağa
çağırırıq". 

Qeyd edək ki, brifinqdə düşmən sığınacaqları, texnikaları və digər hərbi infrastrukturların məhv edilməsi barədə ictimaiyyətə məlumat verilib.

Gülşən Şərif