"MCB" QSC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 622 min manat xalis mənfəətlə başa vurub. 

"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən təxminən 23% çoxdur.  

Ötən il "MCB"nin vergiyəqədərki mənfəəti 687 min manat (illik müqayisədə 3% çox), mənfəət vergisi ödəmələri isə 66 min manat (59,3% az) təşkil edib. 

Bu il yanvarın 1-nə "MCB"nin aktivləri 10,4 milyon manat olub ki, bu da illik müqayisədə 20,8% çoxdur. Bunun 9,7 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə BOKT-un kredit portfeli 17,6% böyüyüb. 

Hesabat dövründə "MCB"nin öhdəlikləri 22,6% artaraq 6,3 milyon manata, balans kapitalı isə 18,2% artaraq 4 milyon manata çatıb. 

Xatırladaq ki, "MCB" 2009-cu ildən fəaliyyət göstərən eyni adlı lizinq şirkətinin bazasında 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 4,2 milyon manatdır. BOKT-un səhmdarları 99,94%-lik payla Pakistanın "MCB Bank"ı və 0,06%-lik payla İdarə Heyətinin sədri Rəmal Cəfər oğlu Cəfərovdur. Maliyyə qurumu hələ ki, Azərbaycan Mərkəzi Bankından BOKT lisenziyası almayıb.