"Bərabərsizliklə mübarizə və yoxsulluğun aradan qaldırılması Braziliyanın 2024-cü ildə İyirmilik Qrupuna (G20) sədrliyinin əsas prioritetləri olacaq". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Braziliya prezidenti Luiz İnasiu Lula da Silva Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyerlə söhbətində deyib.

"Biz bərabərsizliyi əsas mövzuya çevirməklə G20-ni gücləndirəcəyik. Əmin olmalıyıq ki, insanlar yoxsulluqdan əziyyət çəkməyəcək", - o qeyd edib.

Bundan əlavə, Lula da Silva və Bleyr G20 və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərin 30-cu Konfransında sülh, davamlı inkişaf və qlobal cənub ölkələri üçün mühüm əhəmiyyət kəsb edən digər mövzuların nəzərdən keçirilməsinin zəruriliyi barədə razılığa gəliblər. Təxminən bir saat davam edən söhbət zamanı mövcud geosiyasi vəziyyət, inkişaf etməkdə olan ölkələrin perspektivləri və Braziliyanın qlobal idarəetmənin təkmilləşdirilməsinə töhfəsi də müzakirə edilib.

Böyük Britaniyanın keçmiş baş naziri Braziliyanın Afrika ölkələri ilə, xüsusən enerji keçidi, infrastruktur layihələrinin həyata keçirilməsi və yoxsulluqla mübarizə sahəsində qarşılıqlı əlaqə potensialını qeyd edib. Prezident diqqəti Afrika ölkələrinin qlobal maliyyə institutlarının dəstəyi ilə “infrastruktur investisiyalarına çevrilməsini” zəruri hesab etdiyi borc probleminə yönəldib.

Bundan əlavə, Lula da Silva və Bleyer ilin sonunda Dubayda keçiriləcək BMT-nin 28-ci İqlim Sammitinə hazırlıq məsələlərini müzakirə ediblər. Braziliya Prezidenti vurğulayıb ki, sammitdə ümumi mövqe formalaşdırmaq üçün Amazon hövzəsi və ekvatorial yağış meşələri qurşağının digər ölkələri ilə fəal şəkildə qarşılıqlı əlaqədədir.