"Belarusda "Vaqner" döyüşçülərindən istifadə etməklə müqaviləli ordunun yaradılmasını sürətləndirməyi planlaşdırırıq".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

"Bu, mənim təşəbbüsüm idi. Mən istəyirəm ki, bu uşaqlar bizim ölkənin silahlı qüvvələrində qalsınlar. Onlara arxalanaraq müqaviləli ordu yaratmaq üçün daha fəal addımlar atılmalıdır", - deyə Lukaşenko vurğulayıb.

Eyni zamanda Belarus lideri ölkəsinin müharibəyə hazırlaşmadığını qeyd edib: "Biz müharibə istəmirik və düşünürəm ki, hər şey qaydasına düşəcək. Əgər düşmən bizim cavab verə biləcəyimizi və bərpası mümkün olmayan itkilər verəcəklərini görsə, heç vaxt hücum etməyəcəklər".

Belarusun müdafiə naziri Viktor Xrenin daha əvvəl bildirib ki, müqaviləli əsgərlər Belarus ordusunun təxminən 60%-ni təşkil edir. İki illik müqaviləni ya heç vaxt orduda xidmət etməyənlər, ya da məcburi hərbi xidmətə götürülənlər bağlaya bilər.

Əvvəlki məlumatlara görə, Belarus Müdafiə Nazirliyi və "Vaqner" komandanlığı yaxın gələcək üçün əməkdaşlıq planı hazırlayıb. "Vaqner"in təlimatçıları və bölmələri artıq təlim missiyalarına cəlb olunublar. Belarus tərəfi öz ərazisində nə qədər "Vaqner" döyüşçüsünün qaldığını açıqlamayıb.