Liviyaya 17 ölkədən 38 humanitar yardım təyyarəsi göndərilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Liviya Milli Birlik Hökumətinə bağlı Fövqəladə Vəziyyət və Təcili Yardım Heyətinin “Hökumətimiz” adlı platformasının yaydığı yazılı açıqlamada bildirilib.

Yardımları göndərən ölkələr barədə detallı məlumat yayılmayıb.

Qeyd edək ki, Türkiyədən göndərilən 2 yardım gəmisi Liviyaya çatıb.

Xatırladaq ki, sentyabrın 10-da “Daniel” siklonu Liviyanın şimal-şərqini vurub və Aralıq dənizi sahillərindəki şəhərlərə fırtına və ildırımlı leysan gətirib. Bir çox yaşayış evləri, xəstəxanalar və digər mühüm mülki obyektlər su altında qalıb. İki bəndin dağıldığı və fəlakətli vəziyyətin yarandığı Derna şəhəri daha çox zərər çəkib. Ölkə rəhbərliyi üçgünlük milli matəm elan edib. Liviyanın sahilyanı Derna şəhərində daşqınlar nəticəsində ölənlərin sayı 11 300-ə çatıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təbii fəlakətlə əlaqədar Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfiyə başsağlığı verib.