Azərbaycanda külli miqdarda vergi borcu yığılan şirkətin sahibinin ölkədən çıxışına məhdudiyyət qoyula bilər.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət olunub.

Belə ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi iş adamı Samir Abbasovun vergi borcuna görə məhkəməyə ərizə ilə müraciət edərək onun Azərbaycandan çıxışına "stop" qoyulmasını xahiş edib.

İşə hakim Günay Namazovanın sədrliyi ilə baxılacaq.

Məhkəmə ərizəni təmin etsə, iş adamının Azərbaycanı tərk etmək hüququ müvəqqəti məhdudlaşdırılacaq.

Qeyd edək ki, Samir Səmədoviç Abbasov "Yeni BEMZ”  Açıq Səhmdar Cəmiyyətinin qanuni təmsilçisidir. Şirkət Azərbaycanda elektik mühərriklərinin və istehlak mallarının istehsalı ilə məşğul olur. Hələ bu ilin yay aylarında şirkətdə yanğın təhlükəsizliyinə dair yoxlamalar keçirilib və obyektdə yanğın təhlükəsizliyi ilə bağlı tələblərin yerinə yetirilmədiyi məlum olub. Həmin vaxt şirkətin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 385 min 313 manat 75 qəpik vergi borcu da olub.