Adətən xaricdə yaşayanlar vergi ödəyirlər. Bəzi şəhərlərdə isə əksinə, sadəcə bu şəhərə köçüb yaşamağa görə, insanlara ödəniş edirlər. İqtisadiyyat.az Seyyah.az turizm və miqrasiya portalına istinadən sakinləri müxtəlif üsullarla həvəsləndirib cəlb edən şəhərləri və onların təkliflərini açıqlayır.

Alyaska ştatı, ABŞ

ABŞ-ın ən soyuq ştatı əlverişsiz hava şəraitinin əvəzini sakinlərinə maliyyə dəstəyi ilə ödəmək qərarına gəlib. Burada 1976-cı ildən Alyaskanın Permanent fondu yaradılıb. Ştatda çıxan neftin pulunun 25%i bu fonda yönəlir və sakinlər arasında bərabər bölünür. Şrar sakinləri ilk dividendləri 1982-ci ildə alıblar. Dividendi Alyaskada azı bir il yaşayan və məhkumluğu olmayan bütün sakinlər ala bilər. Dividendin məbləği ştatın həmin ilki gəlirindən asılıdır və azı 1000 dollar təşkil edir. Məsələn 2015-ci ildə ştatın 637 014 sakininin hər birinə 2072 dollar, 2016-ci ildə isə 1022 dollar ödənilib. Bura yüksək yerli maaşları, rahat həyat tərzini və gözəl mənzərələri də əlavə edin. Bəlkə də getməyinə dəyər.

Ponqa kəndi, İspaniya

Ponqa – İspaniyanın şimal-şərqindəki Asturiya vilayətində kiçik kənddir. Qoruq ərazisində yerləşməsindən başqa, bu kənd bura köçmək istəyənlər üçün səxafətli maliyyə təklifi ilə də məşhurdur. Belə ki, kəndə köçən hər cütlüyə 3 min avro ilkin kapital, eləcə də burada doğulan hər uşağa görə əlavə 3 min avro ödənilir. Yeganə şərt odur ki, ailə Ponqada azı 5 il qalmalıdır. Hazırda kənddə cəmi 851 nəfər yaşayır. 18 yaşdan az olanlar cəmi 50 nəfərdir. Bu vəziyyəti dəyişmək üçün meriya belə xərclərə əl atıb.

Utrext şəhəri, Hollandiya

Holdandiyanın Utrext şəhəri əhali qıtlığından əziyyət çəkmir. Şəhər sakinlərinin sayına görə, Amsterdam, Rotterdam və Haaqadan sonra ölkədə 4-cü yeri tutur. Amma şəhərin rəhbərliyi təmənnasız gəlirin insanların həyatına təsirini araşdırmaq üçün sosial eksperiment keçirir. Yəni gəliri olanlar bir işlə məşğul olacaqlar, yoxsa tənbəlləşəcəklər? Bu məsələni araşdırmaq üçün eksperiment iştirakçılarına ayda 960 dollar yaşayış xərci, eləcə də könüllülər proqramlarında iştirak üçün əlavıə 150 dollar ödəyirlər.

Detroyt şəhəri, ABŞ

Miçiqan ştatındakı məşhur Detroyt şəhəri hazırda ölkənin ən çox dağılan şəhəri sayılır. Əvvəllər ABŞ-ın avtomobil paytaxtı olan Detroyt indii kriminal paytaxtdır. Şəhər 60-cı illərdən boşalmağa başlayıb. Əhali axınının qarşısını almaq üçün hökumət 2008-ci ildən Challenge Detroit proqramına başlayıb. Proqrama görə, gənc və istedadlı məzunlar şəhərdə yaşayıb işləmək üçün bütün texniki və maddi şəraitlə təmin olunurlar. Belə ki, şəhərə köçmək istəyənlər dərhal 2500 dollar alırlar, üstəlik ev almaq və ya kirayə üçün güzəştli kredit götürürlər.

Saskaçevan əyaləti, Kanada

Kanada hökuməti ayrı-ayrı vilayətlərin sakinlərini həvəsləndirmək üçün fərqli yol seçiblər. Belə ki, ali məktəbi 2010-cu ildən sonra bitirən və Saskaçevanda yaşayan və ya buraya köçməyi planlaşdıran ali məktəb məzunlarına ümumilikdə 20 min Kanada dolları məbləğində kompensasiya ödəniləcək. İlk 4 il ərzində hər il bu məbləğin 10%-i, sonrakı 3 il ərzində isə 20%-i qədər vəsait ödənilir.

Niaqara şəhəri, ABŞ

Analoji proqram ABŞ-da Niaqara regionunda ali məktəb məzunları üçün nəzərdə tutulub. İlk baxışdan düşünmək olar ki, burada yaşamağı hər adam istəyər. Amma region əhalisinin sayı, hansı ki, 1960-cı ildə maksimum həddə (102 min nəfərə) çatmışdı, o vaxtdan indiyədək 2 dəfə azalıb. Nəticədə gənc nəsli şəhərə cəlb etmək üçün şəhərin inkişaf üzrə dirpktoru Set Pikçirillo Live NF proqramı işə salıb. Bu təşəbbüsə görə, şəhərə gələn ali məktəb məzunları il kiki il üçün 3492 dollar alacaqlar.

Misima qəsəbəsi, Yaponiya

Hazırda Misima regionunda təqribən 400 nəfər yaşayır və siz onların sırasına qoşulmaq istçyirsinizsə, ya kənd təsərrüfatı, ya da balıq tutmaqla məşğul olmağa hazır olmalısınız. Üstəlik, yaşınız da 55-dən artıq olmamalıdır. Bu tələblərə cavab verirsinizsə, yerli hökumət sizin köçməyiniz üçün 890 dollar ödəməyə, eləcə də inək bağışlamağa və ya onun əvəzində 4450 dollar ödəməyə hazırdır. Eləcə də siz ayda 750 dollar (ailədə iki nəfərdirsə 890 dollar) müavinət ala bilərsiniz. Ailədə uşaq varsa, hər biri üçün əlavə 89 dollar müavinət veriləcək. Misimada doğuş və orta məktəb xərcləri də qarşılanır. Evlərin kirayəsi isə çox ucuzdur – yaxşı evi ayda 207 dollara kirayəyə götürmək olar.

Kaitanqata kəndi, Yeni Zelandiya

Yeni Zelandiyadakı Kaitanqata kəndinin 850 sakinindən cəmi 2 nəfər işsizdir. Burada işçi qüvvəsinin qıtlığını ən çox süd fabriki və dondurulmuş yarımfabrikatlar zavodu hiss edir. Elə buna görə də yerli hakimiyyət kəndə köçmək istəyənlər üçün ev və torpaq ayırmağa hazırdır. Bazar qiymətləri ilə götürəndə evin və torpağın qiyməti 160 min dollardır. Amma bunlar yeni sakinə pulsuz verilir, təki buraya köç və işlə. Şəhər meri Brayan Kadoqan deyir ki: «Bizdə evlər və iş yeri var, amma adamlarımız yoxdur. Biz şəhəri canlandırmaq istəyirik və bütün gəlmək istəyənləri qarşılamağa hazırıq».