Abşeron Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Sabir Kərimovun (şərti) cinayət işinə baxılıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub və o, 1 il 8 ay 13 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, Sabir Kərimov özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə zərərçəkmiş Dəmir Ələkbərovun (şərti) etibarından sui-istifadə edib.

Belə ki, zərərçəkmişin oğlu 2019-2021-ci illər ərzində Abşeron Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyündə polis nəfəri vəzifəsində xidmət edib və xidmətdə yol verdiyi nöqsanlara görə xidmətdən xaric olunub.

Sabir Kərimov da Dəmir Ələkbərova 3500 manat müqabilində onun oğlunu Daxili İşlər Nazirliyi vasitəsilə yenidən xidmətə bərpa etdirəcəyinə yalandan vəd verib. O, bu yolla zərərçəkmişdən Abşeron rayonu, Xırdalan şəhəri ərazisində ödəmə vasitəsi ilə ümumilikdə 3700 manat pul alınıb. 

Daha sonra Sabir Kərimov verdiyi vədə əməl etməyib və zərərçəkmişin şikayəti əsasında saxlanılıb.

Sabir Kərimov hadisədən sonra külli miqdarda narkotik saxlamağa görə tutulub və barəsində həbs qətimkan tədbiri seçilib.