"Hazırkı məqamda baş verən Böyük Qayıdış prosesi səhiyyə işçiləri qarşısında duran əsas vəzifə bu prosesi layiqincə icra etməkdir".

İqtisadiyyat.az xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Səhiyyə Menecmenti Zirvəsində çıxışı zamanı deyib.

O vurğulayıb ki, Azərbaycan səhiyyəsi öz tarixi inkişaf səviyyəsinin yeni mərhələsinə qədəm qoyub. Sədr müavini səhiyyədə idarəçilik problemlərinə həsr olunmuş bu tədbirin keçirilməsinin olduqca mühüm əhəmiyyətə malik olduğunu söyləyib.

F.Hüseynov bildirib ki, ölkə əhalisinin ən həssas təbəqəsi olan keçmiş qaçqın və məcburi köçkünlərə son 30 il ərzində tibbi xidmətlərin göstərilməsi istiqamətində mühüm addımar atılıb: "O cümlədən, Dövlət Komitəsi aiddiyyatı dövlət qurumları, Səhiyyə Nazirliyi və TƏBİB-lə birgə bir sıra xəstəxanalarda qaçqın və məcburi köçkünlər üçün bir sıra tibbi aksiyalar keçirib. Ötən il Dövlət Komitəsi TƏBİB-lə birlikdə qarşılıqlı əməkdaşlıq çərçivəsində memorandum imzalayıb. Hər bir məcburi köçkün öz doğma torpaqlarına qayıtmamışdan əvvəl tam olaraq tibbi müayinədən keçirilir və lazımi müalicələr aparılır. Bu proses davam etdiriləcək".

Qeyd edək ki, Zirvə “Sağlam Ailə” və “Facemark” şirkətlərinin ortaq təşkilatçılığı ilə həyata keçirilir.

 

Gülşən Şərif