İranda mühafizəkarlar qanadının aparıcı simalarından olan Ali Milli Təhlükəsizlik Şurasının keçmiş baş katibi Səid Cəlili iyunun 28-də keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayıb.

İqtisadiyyat.az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Keçmiş prezident Mahmud Əhmədinejadın dövründə 2007-2013-cü illər arasında Ali Milli Təhlükəsizlik Şurasının baş katibi vəzifəsini icra edən Cəlili eyni dövrdə İranın nüvə danışıqlarında baş müzakirəçi vəzifəsində çalışıb.

Prezident Rəisinin mayın 19-da helikopter qəzasında ölməsindən sonra Konstitusiyaya əsasən, birinci vitse-prezident Məhəmməd Möhbər İran lideri Ayətullah Əli Xameneinin təsdiqi ilə prezident vəzifəsinin icrasına başlayıb.

İran Konstitusiyasına görə, hazırkı prezidentin vəfat etdiyi halda parlamentin sədri, məhkəmə hakimiyyətinin başçısı və birinci vitse-prezidentdən ibarət idarə heyəti ən çox 50 gün ərzində yeni prezidentin seçilməsi üçün lazımi tədbirlər görməlidir.

Bununla bağlı mayın 20-də qanunvericilik, icra və məhkəmə hakimiyyəti başçıları arasında keçirilən növbədənkənar müşavirədə prezident seçkilərinin iyunun 28-də keçirilməsi qərara alınıb.

Seçkilərdə namizəd olmaq istəyənlər mayın 30-dan başlayaraq 5 gün müddətində Daxili İşlər Nazirliyinə müraciət etməlidirlər.

İranda prezidentlər Konstitusiya Keşikçiləri Şurasının təsdiq etdiyi namizədlər arasından xalq tərəfindən seçilir.

Cəlilidən başqa, keçmiş səhiyyə naziri Məsud Pezeşkian namizədlik üçün müraciət edəcəyini açıqlayıb.