"2 gün ərzində qüvvəyə minəcək “İraqdakı iranlı müxalifləri tərksilah etmək sazişi”nin uzadılması ehtimalı yoxdur".

İqtisadiyyat.az xəbər verir ki, bunu İranın müdafiə naziri Məhəmməd Rza Aştiyani deyib.

Aştiyani İran rejiminə müxalif qrupların tərksilah edilməsi və təhvil verilməsi ilə bağlı Bağdad administrasiyası ilə imzalanan müqavilədən danışıb.

İranlı nazir deyib: "Müqavilənin uzadılması ehtimalı yoxdur. Dəyərləndirmə aparıb, ona uyğun hərəkət edəcəyik".

Qeyd edək ki, İran İraqla imzalanan təhlükəsizlik müqaviləsinə uyğun olaraq, İraqın şimalında fəaliyyət göstərən anti-İran təşkilatlarının sentyabrın 19-dək Bağdad rəhbərliyi tərəfindən tərksilah edilərək başqa bölgəyə köçürülməsini istəyir.

Tehran sözügedən razılaşmanın həyata keçirilmədiyi təqdirdə İraqa müdaxilə siqnalları verib və 13 sentyabrda İran mətbuatında dərc olunan görüntülərə görə, İraq sərhədinə silahların göndərildiyi iddia edilib.