Bu il yanvarın 1-nə Azərbaycanın qiymətli kağızlar bazarında fəaliyyət göstərən 8 investisiya şirkətinin məcmu aktivləri 55,87 milyon manat təşkil edib.

Bu, ötən il yanvarın 1-i ilə müqayisədə 48,5% və yaxud təxminən 2 dəfə azdır.

Hesabat dövründə investisiya şirkətlərindən 2-si – “Azfinance” və “PSG Kapital” aktivlərini azaldıb, qalanları isə artırıb.

Ötən ilin sonuna investisiya şirkətlərinin məcmu öhdəlikləri 42,556 milyon manat olub ki, bu da əvvəlki ilin sonuna nisbətən 56,9% azdır. Maliyyə qurumlarından 3-ü – “Azfinance”, “PSG Kapital” və “Xalq Kapital” öhdəliklərini azaldıb, qalanları isə artırıb. Hesabat tarixinə investisiya şirkətlərinin məcmu balans kapitalı isə 13,314 milyon manat təşkil edib. Bu da illik müqayisədə 35,9% çoxdur. Maliyyə qurumlarının hamısı balans kapitalını artırıb.

Bu il yanvarın 1-nə investisiya şirkətlərinin məcmu nizamnamə kapitalı isə 8,505 milyon manat  olub. Bu isə ötən il yanvarın 1-nə nisbətən 23,3% çoxdur. Maliyyə qurumlarındaın 3-ü – “BTB Kapital”, “İnvest-AZ” və “Plato Capital and Co.” nizamnamə kapitalını artırıb, qalanları sabit saxlayıb.