Oktyabrın 5-də Qranadada Avropa Siyasi Birliyinin üçüncü sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın görüşü planlaşdırılır. Azərbaycanın uğurlu antiterror tədbirlərindən sonra hazırda siyasi cameədə əsas diqqət bu görüşlə bağlıdır. 

İqtisadiyyat.az mövzu ilə bağlı politoloqların fikirlərini öyrənib.

Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, görüşün gündəliyi Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi ilə bağlı ola bilər:

"Görüşdə Qarabağ ərazisində qalan ermənilərin taleyi ilə bağlı mövzu da müzakirə oluna bilər. Eyni zamanda mina xəritələri və kommunikasiya sülhün başlıca şərtləridir. İşğal altında olan Azərbaycan kəndlərinin geri qaytarılması da əsas məsələlərdən biridir. Bundan başqa, planlaşdırılan görüş yeni münasibətlərin inkişafı baxımından vacibdir. Həmçinin məlumdur ki, sentyabrın 30-da Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətindəki mövqeyindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyinə snayper silahından atəş açılıb. Atəş nəticəsində hərbi qulluqçumuz Orucov Vüsal Xeybalı oğlu şəhid olub. Bu, Ermənistanın sərhədboyu ərazilərində təhlükəsizlik qurşağının yaradılmasını gündəmə gətirir. Çünki Ermənistan tərəfində vahid ordu sistemi mövcud deyil və müxtəlif qruplaşmalar fəaliyyət göstərir. Həmin qruplaşmalar daim Azərbaycana qarşı təxribat törədir".

 

Paşinyan üçün bu il ölüm-qalım məsələsi olacaq" -Əziz Əlibəyli prezidentin  çıxışını ŞƏRH ETDİ - VİDEO

Siyasi şərhçi Aqşin Kərimov isə vurğulayıb ki, Azərbaycan Ermənistanın növbəti danışıqlarda hansı mövqeyi tutacağını konkret müəyyənləşdirə bilmir, çünki İrəvanın kənar qüvvələrin manipulyasiyası ilə ruhlanması təcrübəsi ərşə çəkilməyib:

"Budəfəki danışıqlar Azərbaycanın Ermənistana qarşı iddialı gündəliyinin əhəmiyyətli dalğasını təşkil edəcək. Əsas məsələlərdən biri sərhədlərin delimitasiya ilə bağlı ola bilər. Çünki sərhədlərin delimitasiyası insidentsiz delimitasiya, regionun təhlükəsizliyi və sülh mühitinin sağalması baxımından önəmlidir. Qazaxın işğal altında olan yeddi kəndi və Naxçıvanın Kərki kəndinin beynəlxalq hüququn prosedurları ilə Azərbaycana geri qaytarılması məsələsi danışıqlar gündəliyinin aparıcı xəttində qərarlaşacaq. Danışıqlarda müzakirə masasına qoyula biləcək digər mövzu Zəngəzur dəhlizi layihəsinin işə salınması ilə əlaqəli olan regional konfiqurasiyadır. Zəngəzur dəhlizinin anatomiyası həm sərhədlərin delimitasiyasını, həm Qərbi azərbaycanlıların öz tarixi ərazilərinə qayıdışını, həm də kənar oyunçuların geostrateji maraqlarının kəsişdiyi nöqtələri özündə cəmləşdirən genişmiqyaslı prosesləri qeyd edir. Proseslər dəyişmiş regional kontekstə Azərbaycanın qazandığı strateji üstünlüklərin sirayəti ilə əlaqəli formada inkişaf edəcək".

Azərbaycanın dünyaya nümunə olan millətlərarası siyasəti: Dövlət, xalq və  din vəhdəti – TƏHLİL – Yeni Çağ Media

Gülşən Şərif