Azərbaycanda ilk yerli və tam funksiyalı, beynəlxalq standartlara uyğun xəstəxana məlumatlarının idarəetmə sistemi olan Hisaz artıq töhfəsini verməkdədir. Görülən işlərlə bağlı müəssisənin direktoru Elçin Bağırovla müsahibəni təqdim edirik:

1. Xəstəxana məlumatlarının idarəedilməsi dedikdə nə başa düşülür? 

- Bildiyiniz kimi, əvvəlki dövrlərdə məlumatları xəstəxanada tibb heyət qeydiyyat jurnalları və s. kağız üzərində edirdilər, bu da manual işləmlərin artmasına gətirib çıxarır ki, səhv edilmə ehtimalı yaradır, avtomatlaşdırılma sisteminə keçiddə isə ölkəmizdə səhiyyə sistemi çox inkişaf etmişdir, bu həm xərcləri azaldır, həm də daha düzgün, itkinin maksimum az olması ilə səciyyələnir.

2. Şirkət olaraq missiyanız nədən ibarədir?

- Əvvəla bildirmək istəyirəm ki, beynəlxalq təhsilə və təcrübəyə malik kollektivimiz bir neçə müddət ABŞ və Avropanın bir sıra ölkələrində dünyanın qabaqcıl səhiyyə idarəetmə təcrübələrini keçmiş, araşdırmış və tətbiq etmiş kadrlardan ibarətdir. Odur ki, bu təcrübəni biz Azərbaycanda yerli səhiyyə sistemimizə tətbiq etmək, ölkənin tibb müəssisələrini  inkişaf etmiş ölkələrin tibb müəssisələri siyahısında görmək istəyirik. Bunun üçün həm əlimizdən gələni əsirgəmir, öz üzərimizdə işləyir və gündən günə yenilənən səhiyyə idarəetməsi sahəsində daha da inkişaf edirik. Əsas missiyamız dünyanın çevik idarəolunma platformalarını ölkəyə gətirib tətbiq etmək və onlarla bərabər təkmilləşdirməni təmin etməkdir. 

3. Ölkəyə verdiyiniz töhvə nədən ibarətdir?

- Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli “Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman imzalamışdır, həmin Fərman üzrə layihə bu gün də davam etdirilir. 
Ölkəmizdə aparılan uğurlu islahatlar əlbəttə ki, bizi uğura aparan yoldur. Biz də öz növbəmizdə beynəlxalq səhiyyə idarəçiliyi praktikamızı Azərbaycana gətirmək, onları tətbiq etmək, yerli səhiyyə sistemimizi ona uyğunlaşdırmaq bizim üçün həm də fəxrdir. Çünki biz,  insanlar üçün işlədiyimizi əsla unutmuruq. 
Odur ki, ölkə rəhbərliyindən nümunə alaraq, öz missiyamızı davam etdiririk. 

4. Digər programlardan əsas fərqiniz və üstünlüyünüz nədir?

- Ölkədə demək olar ki, bütün proqramlar eyni sistemlə və modullarla çalışır, amma fərqimiz proqramın yerli olması, daha asan idarəetmə, proqramda qarışıq ekranlardan uzaq olmağımız, istəyə uyğun olaraq dəyişikliklərin anında edilməsi və mütəmadi olaraq yenilənmələrin atılmasıdır. Açığı desəm, bu üstünlüklər proqramın yerli olmasından, web əsaslı olmasından irəli gəlir ki, bu da məlumat təhlükəsizliyi üçün əsas şərtdir. Ən əsası da proqramımızın və şirkətimizin müştərilərimiz üçün əlçatan olması bizi çox məmnun edir. 

5. Bununla bağlı daha hansı yenilikləri gətirməyi düşünürsünüz?

-Gələcəklə bağlı planlar çoxdur. Səhiyyə sistemimizə və müvafiq inkişaf perspektivlərimizi nəzərə alaraq, ölkəmizə daha innovativ təqib sistemlərini, xəstə/həkim məmnuniyyətini tənzimləmək üçün mükəmməl platformalar gətirməyi düşünürük və hal hazırda şirkətimiz bu zəmində xarici ölkələrlə danışıqlar aparır. Əsas odur ki, işimizi çox sevirik, insan sevdiyi işlə məşğul olanda, onun həmişə ön sıralarda görmək istəyir.