Daşkəsəndə həmkəndlisinin ehtiyatsızlıqdan ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub.

Bu barədə İqtisadiyyat.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, avqustun 16-da saat 11 radələrində Daşkəsən rayonunun Güneykənd kənd sakini 1969-cu il təvəllüdlü Məmməd Əmrahovun kəsilmiş-deşilmiş xəsarət alması və həmin xəsarətdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 2005-ci il təvəllüdlü Elnur Quliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə həmkəndlisi Məmməd Əmrahova xəsarət yetirməsi nəticəsində sonuncunun ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Daşkəsən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır. Elnur Quliyev iş üzrə şübhəli şəxs qismində tutulub.