20 Yanvar faciəsinin ildönümü Gürcüstanda silsilə tədbirlərlə qeyd olunur. Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə şəhid ailələri ilə görüşlər keçirilib, onlara yardım göstərilib.

İqtisadiyyat.az xəbər verir ki, yanvarın 18-də Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları Qardabani və Marneuli rayonlarında olublar.

Səfirliyin əməkdaşları Samir Əbdürəhimov, Fuad İbrahimov, Fuad Qasımov və Anar Rəsulov Qardabani rayonunun Ağtəhlə kəndində 20 Yanvar şəhidi İsmayılov Rəşid İslam oğlunun ailəsinə baş çəkiblər.

Şəhidin ailəsinə başsağlığı verilib, faciə qurbanlarının xatirəsinin daim əziz tutulduğu qeyd olunub.

Səfirliyin digər nümayəndələri Eldar Bayramov, Ramel Lətifov və Elyar Məmmədzadə, eləcə də, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyin Yusifov, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin rəhbəri Murad Muradov, Marneulidəki “Çay Evi”nin layihə rəhbəri Emin Əhmədov, jurnalistlər və ictimaiyyət nümayəndələri Marneuli rayonunun Algeti kəndində 20 Yanvar və 9 Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

Diplomatlar daha sonra Kirəc-Muğanlı kəndində 20 Yanvar şəhidi Eminov Vəfadar Osman oğlunun ailə üzvlərini ziyarət ediblər.

Marneuli rayonunun Qızılhacılı kəndində 20 Yanvar şəhidi Mursaqulov İsmayıl Həsən oğlunun ailə üzvləri də ziyarət olunub.

Şəhid ailələrinə ərzaq yardımı göstərilib, ehsan süfrəsi açılıb.