Ölkənin kirayə mənzil bazarında qiymət artımı müşahidə olunur. Xüsusilə günlük verilən kirayələrə tələbatın artdığı bildirilir. 

İqtisadiyyat.az-ın suallarını cavablandıran əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə gündəlik kirayə evlər daha çox xaricdən gələn qonaqlar üçün əlverişlidir: “Ölkəyə ciddi surətdə turist axını var. Otellərdə yerlər tapılmır. Üstəlik otel nömrələrinin də qiymətləri bir çoxları üçün bahalıdır. Bu və digər səbəblərdən dolayı ölkəyə gələnlər daha çox mənzilləri gündəlik kirayə götürürlər”.

Müşahidələr göstərir ki, hazırda kirayə mənzil bazarında qiymətlər artan xətlə inkişaf edir. E.Fərzəliyev bizə son qiymətlərdən söz açıb: “Yeni tikili binalardakı mənzillərin aylıq kirayə qiymətləri köhnə binalara nisbətdə iki dəfəyə qədər bahadır. Məsələn, bir müddət əvvəl köhnə binalarda bir otaqlı mənzilin kirayəsi təqribən 300 manata başa gəlirdisə, hazırda bu rəqəm 400 manata qədər qalxıb. İki otaqlı mənzillər 400-500 manat, üç otaqlı mənzillər isə 500- 800 manat arası dəyişir. Söhbət köhnə binalardan gedir. Yeni tikili binalarda isə bir otaqlı mənzil təxminən 500- 600 manata, iki otaqlı mənzillər 600- 800 manata kirayə verilir”. 

Əmlakçı Mülkədar Rüstəmov isə hesab edir ki, tək turistlər deyil, bölgələrdən paytaxta gələnlərin sayının artması da gündəlik kirayələrə tələbatı artırıb: “Günlük kirayəyə maraq 2018-2019-cu illərdən artmağa başlayıb. Son vaxtlar isə belə mənzillər minimum üç gün qalmaq şərti ilə verilir. Turistlərlə yanaşı, bölgələrimizdən də şəhərə axın var. Bu da tələbatı artıran digər səbəbdir”. 

M.Rüstəmovun sözlərinə görə, bəzi ev sahibləri aylıq kirayədənsə, gündəlik kirayəyə üstünlük verir: “Bizə müraciətlərdə günlük kirayənişin tapılmasını istəyən ev sahiblərinin sayı artıb. Bu da səbəbsiz deyil. Mənzilinin bir aylıq kirayəsindən 600- 700 manat qazanc əldə edən ev sahibi gündəlik kirayələrdən daha çox qazanmış olur”.

Əmlakçı Nadir Quliyev də İqtisadiyyat.az-a müşahidə etdiyi son qiymətlər barədə məlumat verib: “Şəhər mərkəzində gündəlik evlərin qiymətləri 70, 100, 120 manat civarındadır. Burada mənzilin kirayə götürülmə müddəti də rol oynayır. Müştəri bir günlük kirayə götürəndə qiymət nisbətən baha olur. Lakin üç gün, bir həftəlik kirayə istəyi olanda qiymətlər nisbətən daha münasib olur”. 

Ekspert Elnur Fərzəliyev mənzil sahiblərini rəsmi proedurlara əməl etməyə çağırıb: “Bütün mənzil sahibləri gündəlik və ya aylıq mənzilləri yaxşı olar ki, notarial qaydada rəsmi müqavilə yolu ilə versinlər. Rəsmi müqavilə yolu ilə verdikdə mənzil sahibinin və kirayə götürən şəxsin bütün öhdəlikləri müqavilədə qeyd olunur. Gündəlik və aylıq kirayə verilən mənzillər mütləq şəkildə sığortalanmalıdır. Çünki daha çox sığorta hadisələri kirayə verilən mənzillərdə baş verir”.

Hüquqşünas Şamil Paşayev isə evini kirayə verənlərin vergidən yayınma hallarından söz açıb: “Əmlak icarəsindən əldə olunan gəlirin 14 %-i məbləğində vergi tutulmalıdır. Vergini verməyən şəxslər İnzibati Xətalar Məcəlləsinə görə, əgər vurduqları ziyan 50 manatdan azdırsa, həmin vergi gəlirinin 30-65 %-i miqdarında cərimə oluna bilərlər”.

Ekspertlərin fikrincə, yaxın aylarda həm gündəlik, həm də aylıq kirayələrin qiyməti bir az da bahalaşacaq. Buna səbəb gündəlik evlərdə qalmağın otellərlə müqayisədə 2-3 dəfə ucuz başa gəlməsidir.