Ötən gün mətbuatda Göygöl rayonunda vəzifəli şəxslər arasında fiziki münaqişənin olduğu barədə məlumatlar yayılıb. Qeyd edilib ki, Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru, 41 yaşlı Elməddin Əhmədovla Göygöl Rayon baytarlıq İdarəsinin rəisi, 62 yaşlı Oqtay Həmidov mərkəzin həyətində dalaşıblar.

Sonradan isə sosial şəbəkələrdə onların hər ikisinin vəzifəsindən azad edildiyi barədə iddialar səsləndirilib.

Məsələ ilə bağlı İqtisadiyyat.az-a açıqlama verən Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elməddin Əhmədov söyləyib ki, işdən çıxarılması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.

O, hazırda işinin başında olduğunu və Göygöl Rayon baytarlıq İdarəsinin rəisi Oqtay Həmidovun da işdən çıxarılmadığını vurğulayıb.

Mərkəz direktoru ümumiyyətlə O.Həmidovla arasında heç bir münaqişənin baş vermədiyini və yayılan məlumatların yalan olduğunu qeyd edib.

Xatırladaq ki, ötən gün DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov sözügedən hadisə ilə bağlı mətbuata təsdiq edib. O bildirib ki, hadisə ilə bağlı Göygöl Rayon Polis Şöbəsinə hər iki şəxsin müraciəti daxil olub: “İlkin araşdırmalar zamanı hər iki şəxsin mübahisə etməsi məlum olub. Şəxslər üzərində hər hansı bir bədən xəsarətləri müəyyən edilməyib. Faktla bağlı araşdırmalar davam etdirilir”.